Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın "Trendyol"a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.
Facemark.az "Sonxeber.az"a istinadən xəbər verir.
Məsələ ötən gündən bəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əhalinin xüsusən aztəminatlı təbəqəsinin ən çox alış-veriş etdiyi ticarət şəbəkəsinə ölkədə məhdudiyyət qoyulma ehtimalı tənqid və narahatlıqla qarşılanıb.
Sözügedən açıqlamanı həmin Xidmətin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı ötən gün "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda çıxışı zamanı deyib.
Həmin çıxışı təqdim edirik:
"Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var.
Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi.
Bu təkliflər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir".
"Azərbaycanda bu sahədə rəqabət şərtləri intensivləşdikcə rəqabət orqanları alqoritm əsaslı rəqabəti öyrənməlidir. Ümumiyyətlə rəqəmsal bazarların tənzimlənməsinin qarşısındakı ən böyük çətinlik odur ki, həm iqtisadiyyatı, həm rəqabəti, həm də alqoritmi bilən mütəxəssis azlığı var", - deyə C.Süleymanlı bildirib.
Dövlət Xidmətinin rəsmisi bildirib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur.