Biznes fəaliyyətinin mühüm istiqamətlərindən biri də məhsul və xidmətlərin satışı ilə bağlıdır. Sahibkarların bazarlara çıxışının dəstəklənməsi, satış imkanlarının genişləndirilməsi KOBİA-nın fəaliyyətinin prioritetlərindəndir və bu sahədə bir sıra dövlət dəstəyi tədbirləri Agentlik tərəfindən həyata keçirilir.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında qeyd edib.
Bu barədə “Satışın təkamülü” mövzusunda SAT Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib. Qeyd olunub ki, sahibkarların satış bacarıqlarının və biliklərinin artırılması, məhsullarının daha geniş şəkildə tanıdılması və satış həcminin artırılması məqsədilə KOBİA tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir. KOB-lar satış imkanlarının genişləndirilməsi və bazarlara çıxışa dəstək üçün Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunan satış və marketinq təlimlərindən, sərgi və yarmarkalarda iştiraka, ticarət şəbəkələrinə çıxışa və daxili bazar araşdırmasının aparılmasına dəstək mexanizmlərindən yararlana bilərlər.