- İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.
- İİB bundan sonra da Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edəcək.
- İşğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində İİB-lə əməkdaşlığın genişləndirilməsi təklif olunub.
Facemark.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin rəsmi saytında qeyd olunub.
Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil qoyub. Şəhidlər Xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
İqtisadiyyat naziri Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin İİB Qrupuna daxil olan institutlarla əlaqələrə önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Nazir Azərbaycanın İİB ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmini bildirib.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə tərəfdaşlıq, KOB İnvestisiya Fonduna Bankın vəsaitlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyatın və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanın və regionun inkişafına yönəlmiş layihələrdə İİB ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, təkliflər səsləndirilib.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri ölkəmizdə aparılan iqtisadi islahatların İİB tərəfindən dəstəkləndiyini vurğulayıb, əlaqələrin inkişafı istiqamətlərinə dair fikirlərini bölüşüb. Məhəmməd Süleyman Əl-Casiri İİB-in bundan sonra da Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Tərəflər iqtisadiyyat və maliyyə sahələrində tərəfdaşlığın möhkəmləndirilməsi, prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.