Şirvan, Saatlı, Sabirabad, Neftçala, Salyan və Hacıqabul rayonları üzrə 433 554 hektarda olan ərazilərdə yerləşən bütün torpaqlar və onların üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.


Facemark.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında qeyd olunub.


Fevralın 28-də Şirvanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib. Müşavirədə Şirvan, Saatlı, Sabirabad, Neftçala, Salyan və Hacıqabul rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyə və KİV- nümayəndələri iştirak ediblər.


Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov vurğulayıb ki, dövlət başçısı tərəfindən təsdiq edilən inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə nail olunmasında ölkənin potensial imkanlarının əsas elementi kimi qiymətləndirilən torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.


Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Şirvan, Saatlı, Sabirabad, Neftçala, Salyan və Hacıqabul rayonları üzrə ümumilikdə 776 642 hektar ərazinin hazırda 433 554 hektarında torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Qalan 343 088 hektar ərazidə işlər davam etdirilir.



2020-2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur. Aparılmış monitorinqlər nəticəsində 2020-2022-ci illər ərzində adıçəkilən rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 525 hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 487 inzibati protokol tərtib edilib, 210 min manat məbləğində cərimə tətbiq olunub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyəti orqanlarına müraciətlər edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin artırılması, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.


Sonda müşavirədə qeyd olunanlarla bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.