SOCAR prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
Facemark.az xəbər verir ki, bu barədə məlumat "SOCAR" şirkətinin rəsmi səhifəsində qeyd olunub. 2023-cü il martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İİB arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, İİB tərəfindən ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
SOCAR-ın ölkə daxilində və xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi haqqında məlumat verilib.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından bəhs edilib, rəqəmsal və innovativ texnologiyaların tətbiqinin, habelə bərpaolunan enerji mənbələrinin inkişafının prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi qeyd olunub. Bu xüsusda, SOCAR ilə İİB arasında neft, qaz, bərpaolunan enerji və rəqəmsallaşma sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.