İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada sənaye və ticarət nazirinin müavini, həmçinin, müvafiq qurumların və çex şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib.


Facemark.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində qeyd olunub. Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında Qarışıq Komissiyanın 5-ci iclasında, ticarət, investisiya və işgüzar əlaqələrə dair konfransda müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub.


İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyaya səfər edib.


Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ilə görüşündə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayan Sahib Məmmədov qeyd edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu baxımdan mühüm rola malikdir. Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye, neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.



Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verilib.


Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.



Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın 5-ci iclası keçirilib


Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 5-ci iclası keçirilib. İclasda qarşılıqlı iqtisadi əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin önəmi, bu baxımdan Qarışıq Komissiyanın əlverişli platforma olduğu diqqətə çatdırılıb, çex şirkətləri azad olunmuş ərazilərimizdə, həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında layihələrin həyata keçirilməsində iştiraka, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət olunub.


İclasda ticarət, investisiya, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, innovasiya, texnologiya, turizm və hava nəqliyyatı, torpaq planlaşdırılması, standartlaşdırma və s. sahələr üzrə geniş əməkdaşlıq qurulması barədə müzakirələr aparılıb.



Ticarət, investisiya və işgüzar əlaqələrə dair konfransda əməkdaşlıq imkanlarına dair təqdimatlar keçirilib


Çexiya və Azərbaycan Respublikası arasında ticarət, investisiya və işgüzar əlaqələrə dair Konfrans keçirilib. Konfransda ticarət, investisiya, KOB sahələrində əməkdaşlıq, “yaşıl iqtisadiyyat”, innovasiya, enerji və ətraf mühit layihələri, su idarəçiliyi və s. məsələlər müzakirə olunub, bu istiqamətlər üzrə tərəfdaşlıq imkanlarına dair təqdimatlar olub.



Çex şirkətləri ilə görüşlərdə ölkəmizdəki işgüzar mühit barədə məlumat verilib


İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Çexiyada “Şkoda Avto”, “Şkoda Transportation”, “Tatra”, “AZD Praha” və “Mavel” şirkətlərinin təmsilçiləri ilə görüşüb, görüşlərdə ölkəmizdəki işgüzar mühit, sənaye zonalarında tətbiq edilən güzəşt və imtiyazlar, ölkəmizdə avtomobil və onun ehtiyat hissələrinin istehsalının lokallaşdırılması, Azərbaycan şirkətləri ilə əməkdaşlıq məsələləri və s. barədə fikir mübadiləsi aparılıb.


Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, AZPROMO, KOBİA, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin nümayəndələri də Çexiyanın müvafiq qurumları ilə ikitərəfli tərəfdaşlığa dair məhsuldar görüşlər keçiriblər.