Layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan sahibkarlar maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.
Facemark.az xəbər verir ki, bu barədə məlumat Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi saytında qeyd olunub. Regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması önəmlidir. Bu məqsədlə 2022-ci ildən etibarən bölgələrdə “Regional tərəfdaşların inkişafı” layihəsi həyata keçirilir.
Layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və sahibkarlığa başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində növbəti tədbir martın 10-da Lənkəran şəhərində keçirilib. Tədbirdə Bakı şəhərindən və Lənkəran–Astara iqtisadi rayonuna daxil olan Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, eləcə də Şirvan və Salyan rayonlarından 300-dən çox sahibkar, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlət tərəfindən verilən güzəştli kreditlər, subsidiyalar, bu sahədə nəzərdə tutulan yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının mikro və kiçik sahibkarlığa başlanılmasında rolu barədə məlumat veriblər.
“Marsol Group”un direktoru Tural Mustafayev, “Kapital Bank”ın kiçik və orta sahibkarlarla iş departamentinin müdiri Nəsimi Xasıyev və “Maricel Real Estate”in rəhbəri Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar.
Tədbirin davamında “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir 2022-ci ilin dekabr ayında Şəki şəhərində keçirilib və tədbir çərçivəsində 200-dən çox sahibkar və biznesə başlamaq istəyən şəxs maliyyə resurslarına çıxış imkanları barədə məlumatlandırılıb. Dövlət Məşğulluq Agentliyi, “Kapital Bank”, “Maricel Astara Resort” otel və “Moon Group” layihənin tərəfdaşlarıdır. Layihənin növbəti aylarda ölkənin digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulur.