Dövlətə məxsus bəzi iri müəssisələr investisiya müsabiqəsinə çıxarılacaq. İnvestorların təklifləri müzakirə ediləcək.


Facemark.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin rəsmi saytında qeyd olunub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların cəlb edilməsi ilə bağlı işlərini davam etdirir. Dövlət Xidməti portfelində olan bəzi istehsal müəssisələri haqqında məlumatları sahibkarların diqqətinə çatdırmaqla, özəlləşdirilməsinə maraq göstəriləcək müəssisələrin fəaliyyətinin canlandırılması və inkişaf etdirilməsinə dair investisiya təkliflərinin müzakirəsinə açıq olduğunu bildirir.


Siyahıda göstərilən əksər müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulduğundan, müsabiqə şərtlərinin hazırlanması zamanı maraqlı şəxslərin təklifləri müzakirə ediləcək.


Ölkə iqtisadiyyatına daha iri həcmdə investisiyaların cəlb edilməsi, mənəvi və fiziki cəhətdən aşınmış müəssisələrin texnoloji modernləşdirilməsi, onların potensialının səfərbər edilərək rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması, eləcə də yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqələrə çıxarılan müəssisələr real bazar dəyərindən aşağı qiymətə təklif olunmaqla, potensial investorlara dəstək tədbirlərinin tətbiqi imkanları da nəzərdən keçirilə bilər.


Təkliflərin hazırlanması üçün müəssisələrlə və onların maliyyə-iqtisadi göstəriciləri ilə tanış olmaq, habelə yarana biləcək hər hansı sulların cavablandırılması məqsədilə maraq göstərən investorlar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Xətai rayonu, AZ1025, Y.Səfərov küçəsi, 50. Tel.: +99412 4902408 (əlavə – 208 və 191); faks: 99412 903359; e-mail: office@emlak.gov.az.).


Qeyd edək ki, özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının siyahısı İqtisadiyyat Nazirliyinin saytında qeyd olunub.