Martın 13-də "Code For Future" layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün məzun günü təşkil olunub.

Facemark.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, "Alqoritmika" beynəlxalq təhsil şirkətinin baş direktoru Andrey Lobanov, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev “Code For Future” layihəsinin İT bazarının inkişafında əhəmiyyətini vurğulayıb. Layihənin gənclər arasında böyük maraq doğurduğunu diqqətə çatdıran nazir əlavə edib ki, gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

ADNSU-nun rektoru Mustafa Babanlı öz növbəsində bildirib ki, bu gün 593 tələbə layihəni uğurla başa vurur.

"Alqoritmika" beynəlxalq təhsil şirkətinin baş direktoru Andrey Lobanov qeyd edib ki, İT bacarıqları gələcəyini seçmək üçün böyük imkandır və rəqəmsal bacarıqları inkişaf etdirməklə istənilən peşədə çalışmaq mümkündür.

Tədbir çərçivəsində layihə rəhbəri Nəzrin Əliyeva təqdimatla çıxış edib.

Daha sonra ADNSU-nun “Code For Future” layihəsindən məzun olan tələbələri buraxılış işlərini təqdim ediblər.

Sonda ən yaxşı nəticə toplayan 12 tələbə mükafatlandırılıb.

Qeyd edək ki, "Code For Future" layihəsinin məqsədi veb-tərtibatçılıq, sistem inzibatçılığı, QA – mühəndis proqramı üzrə tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.