Bu il yanvarın 1-nə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) verilən kreditlərin həcmi 2022-ci ilin əvvəli ilə müqayisədə 28 % artaraq 5,7 milyard manata çatıb.


Facemark.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi” hesabatında bildirilib.


Hesabata görə, nəticədə, MKOS-lara verilmiş kreditlərin bankların və digər kredit təşkilatların biznes portfelində payı 50 %-i ötüb. "Müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS-lar üzrə standartların yumşaldılmasıdır", -deyə hesabatda qeyd olunub.


AMB bildirir ki, MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Son illərdə bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35 % (1,3 milyard manat) artaraq 5 milyard manata çatıb. Nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 faiz bəndi artaraq 89 % olub.


MKOS-ların maarifləndirmə imkanlarının təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.