Azərbaycanda əkinə yararlı torpaqların mövcud vəziyyəti qiymətləndiriləcək.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu il Azərbaycanda torpaqların deqradasiyasının neytrallığı ilə bağlı həyata keçirəcəyi 4 illik layihə ölkədə əkinə yararlı torpaqların mövcud vəziyyətinin qiymətləndirilməsinə imkan yaradacaq.


Bunu açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev deyib.


Onun sözlərinə görə, 2 milyon ABŞ dolları dəyərində layihəni Qlobal Ekoloji Fond maliyyələşdirir.


"Layihə artıq təsdiq edilib. Onun icrasında əsas məqsəd torpaqların deqradasiyasının neytrallığı ilə bağlı göstəricilərin müəyyənləşdirilməsidir. Layihə çərçivəsində pilot fəaliyyətlər icra ediləcək. Azərbaycan hökuməti bunun üçün Abşeron yarımadasını seçib, amma bu demək deyil ki, başqa ərazilər seçilə bilməz. Hökumətlə aparılacaq danışıqlar nəticəsində işğaldan azad edilmiş ərazilərdə də pilot fəaliyyətlər icra edilə bilər. Təbii ki, bunun üçün həmin ərazilərin minalardan təmizlənməsi başa çatdırılmalıdır”, - deyə FAO rəsmisi qeyd edib.


O əlavə edib ki, SSRİ dövründə Azərbaycanda torpaqların 53 %-nin əkinə yararlı olması müəyyən edilsə də, bu, dəqiq göstərici deyil və inventarizasiya işlərinin aparılmasını tələb edir: "Həmin rəqəm 50-ci illərdə aparılmış inventarizasiyanın nəticəsidir. Həmin dövrün metodikası ilə indiki dövrün metodikası eyni deyil. O vaxt peyk təsvirləri yox idi. Bu layihə bu istiqamətdə mövcud vəziyyəti qiymətləndirməyə imkan verəcək. Nəticədə, Azərbaycanda torpaqların əkinə yararlılıq göstəricisi dəyişə bilər”.