4 illik fasilədən sonra bu il aprelin 26-27-də Bakı Ekspo Mərkəzində keçirilməsi planlaşdırılan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") vaxtı aprelin 4-6-na dəyişdirilib.
Facemark.az "Report.az" a istinadən xəbər verir.
Məlumata görə, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirəcək. Tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayacaq, xalqımızın qonaqpərvərliyini xarici iştirakçılara və ziyarətçilərə nümayiş etdirəcək.
Sərgidə Azərbaycandan başqa Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya və Tunis iştirak edəcək. Belarus, Çexiya, Polşa və Özbəkistan milli stendlə təmsil olunacaq.
Qeyd edək ki, bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan Baş Sponsor qismində çıxış edəcək. Özbəkistan isə tərəfdaş ölkə olacaq.
Sərgi gediş (Outbound tourism), gəliş (Inbound tourism) və yerli (Domestic tourism) turizm istiqamətlərini əhatə edəcək. "AITF 2023"də tibbi və sağlamlıq turizmi, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səyahət agentlikləri, turoperatorlar və s. kimi bir sıra sektorlar təqdim olunacaq.