Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru istifadəyə verilib.

Facemark.az "Report.az"a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tövsiyəsi ilə fermerlər üçün ilk dəfə əkin kalkulyatorunu istifadəyə verib.


Fondun sədri Sərxan Sərxanov bildirib ki, əsas məqsəd fermerləri əkin xərcləri və gəlirləri barədə daha ətraflı məlumatlandırmaqdır. Kənd təsərrüfatı istehsalçıları kalkulyatordan istifadə etməklə əkin sahələrinin rentabelliyini özləri müəyyən edə biləcəklər. İstənilən şəxs kalkulyatora fəaliyyət göstərdiyi rayonu, toxumun sortunu və reproduksiyasını, həmçinin əkin sahəsinin ölçüsünü daxil etməklə əldə edəcəyi məhsulun həcmini, əkinə çəkəcəyi xərcləri və əldə edəcəyi gəlirləri asanlıqla hesablaya bilər.


Hazırda payızlıq buğda və arpa bitkiləri üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator üzərindən hesablamaq mümkündür. Növbəti mərhələlərdə tərəvəz və digər bitkilər üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator vasitəsilə hesablamaq mümkün olacaq.