Dövlət Turizm Agentliyi (DTA) UNESCO-nun Fransanın paytaxtı Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfransda geniş ekspozisiya ilə iştirak edir.
Facemark.az "Report.az"a istinadən xəbər verir ki, Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkil etdiyi konfransda bu ölkələrin İpək Yolu irsi nümayiş etdirilir. Azərbaycana dair ekspozisiya ölkəmizin İpək Yolu irsinə əsaslanan turizm potensialının inkişafı məqsədilə yeni “Find your own Silk Road in Azerbaijan” şüarı altında təqdim olunur. Ekspozisiyada Azərbaycanın İpək Yolu üzərində yerləşən digər ölkələrin mədəni irs elementləri ilə oxşar və eyni tərəflərini vurğulayan nümunələr, bu oxşarlığı özündə əks etdirən çoxsaylı abidələr haqda məlumatlar, həmçinin sənətkarlıq, musiqi və mətbəx elementləri nümayiş etdirilir.
UNESCO-nun baş direktorunun müavini Qabriela Ramos və digər rəsmi şəxslər ekspozisiya ilə tanış olub, ölkəmizin turizm potensialının genişləndirilməsində İpək Yolu irsinin böyük rolu olacağını vurğulayıblar. Tədbir çərçivəsində “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forum, fotomüsabiqə və elmi simpozium keçirilib, sənədli film nümayiş etdirilib.
1988-ci ildə start verilən UNESCO “İpək yolu” proqramı şərq və qərb xalqları arasında qarşılıqlı mədəni əlaqələrin araşdırılması və inkişafı istiqamətində müxtəlif təşəbbüsləri əhatə edib. 2012-ci ildən etibarən proqramın ikinci mərhələsində isə artıq ölkələr arasında tərəfdaşlıq və şəbəkənin qurulması, birgə layihələrin reallaşdırılmasına diqqət artırılıb.