Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında Daimi Nümayəndəlikləri tərəfindən UNESCO-nun mənzil-qərargahında 2023-cü il 6 aprel tarixində “UNESCO İpək Yolları Proqramı”nın 35 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Facemark.az "Apa.az"a istinadən xəbər verir ki, tədbir “İpək yolları, müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayıb.
Forumun açılışında UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstanın mədəniyyət və idman üzrə naziri Aşkat Oralov, Çinin təhsil üzrə nazir müavini Çen Ji, Monqolustanın təhsil və elm üzrə nazirlyinin nümayəndəsi Batogtoh Dorjgotov və Omanın irs və turizm üzrə nazirliyinin nümayəndəsi Muati Al Muati çıxış ediblər.
Mədəniyyət nazirinin müavini S.Yusifova çıxışı zamanı İpək Yollarının Şərq və Qərb arasında mədəniyyət mübadiləsinə səbəb olduğunu, ölkəmizin bu layihənin bərpasına dəstək verdiyini və xüsusilə “Bakı Prosesi”nin buna töhvə verdiyini bildirib.
O, Mədəniyyət Nazirliyinin UNESCO-nun İpək yolları ilə bağlı layihələrində fəal iştirak etdiyini qeyd edib, ölkəmizin Dünya İrsi Komitəsi çərçivəsində ipək yolları ölkələri ilə sıx əməkdaşlıq etdiyini və birgə nominasiyalar hazırladığını vurğulayıb. Nazir müavini ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda keçirilən İpək Yolunun bərpasına həsr olunmuş tarixi əhəmiyyət daşıyan TRACECA beynəlxalq konfransı haqqında məlumat verib.
Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən “Find your own Silk Road in Azerbaijan” adlı sərginin açılışında daimi nümayəndə səfir Elman Abdullayev çıxış edib.
O, ölkələrin ortaq İpək Yolu irsinin vacibliyi haqqında söz açıb və üzv dövlətləri və UNESCO katibliyini sərgini ziyarət etməyə dəvət edib. Sərgidə ölkəmiz tərəfindən Şirvanşahlar sarayı, Şəki xan sarayı, Diribaba türbəsi, Möminə Xatun türbəsi, Atəşgah və İpək yolları ilə bağlı digər məkanlara dair şəkillər nümayiş etdirib.
Tədbir musiqili gecə ilə yekunlaşıb. Azərbaycan, Çin və Qazaxıstanın istedadlı musiqiçiləri ipək yolları mədəniyyətlərinin gözəlliyini nümayiş etdiriblər. Ölkəmiz pianist Səidə Zülfüqarova, fleyta ustası Ağarəhim Quliyev və milli rəqqaslar ilə təmsil olunub. Musiqili gecədə S.Zülfüqarova və A.Quliyev dueti Fikrət Əmirovun “Aşıqsayağı”, “Rəqs”, “Azərbaycan dağlarında”, “Noktürn” və s., Fazil Sayın “Qara torpaq”, Cövdət Hacıyevin “Ballada” əsərlərini ifa ediblər. “Uzundərə” və “Naz eləmə” milli rəqslərimiz qonaqların yüksək rəğbətini qazanıb.
Tədbir iştirakçıları milli mətbəximizin dolma, aş və qutab kimi məşhur təamlarından dadıblar.
Tədbirdən şəkilləri təqdim edirik: