Bu gündən başlayaraq aprelin 27-nə qədər Azərbaycanda "Karyera Hazırlığı Həftəsi" keçiriləcək.
Facemark.az "Report.az"a istinadən xəbər verir ki, təşkilatçı ADA Universitetinin Karyera xidmətləri şöbəsidir.
Bu münasibətlə ali təhsil müəssisəsində açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən karyera xidmətləri üzrə menecer Təranə Aslanova bildirib ki, "Karyera Hazırlığı Həftəsi"ndə 30 %-i dövlət, 70 %-i isə özəl sektordan olmaqla 17 müəssisə, eləcə də 382 tələbə iştirak edir: "Bu tələbələr müəyyən proseslərdən keçərək seçiliblər. 8 gün ərzində onlar əmək bazarında ən vacib sahələr üzrə təlimlərdə iştirak edəcəklər. Müəssisələrin müxtəlif departamentlərinin rəhbər şəxsləri onlarla öz təcrübələrini bölüşəcəklər. Təlimlərin sonunda hər müəssisə 5 nəfər qalib seçəcək, qaliblər təcrübə proqramı ilə təmin olunacaqlar. Təcrübə proqramından sonra adətən, 4-cü kurs tələbələri işlə təmin olunurlar", - deyə o qeyd edib.
"Karyera hazırlığı həftəsi"nin son mərhələsi isə karyera sərgisinin təşkil olunmasıdır. Aprelin 27-də ADA Universitetində 120 şirkətdən çox dövlət və özəl qurumun iştirakı ilə karyera sərgisi keçiriləcək", - deyə mütəxəssis əlavə edib.