Azərbaycanda bankların pul köçürmə xidmətlərinin rəqəmsallaşdırılması səviyyəsi müştərilərin xidmətlərdən istifadə səviyyəsindən daha yuxarıdır.


Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun görüşündə tədqiqat qrupunun rəhbəri, beynəlxalq ekspert Anna Proxorova deyib.


O qeyd edib ki, Azərbaycanda xaricdən pul köçürmələri üzrə xidmət göstərən bütün böyük banklar ödəniş sistemlərini mobil bankçılıq proqramlarına inteqrasiya etsə də, beynəlxalq pul köçürmələri xidmətinin istifadəçilərinin əksəriyyəti hələ də bank müştəriləri deyil.


Vurğulanıb ki, Azərbaycanda yetkin əhali arasında maliyyə inklüzivliyinin aşağı olması rəqəmsal pul köçürmələrinin istifadəsini məhdudlaşdırır: "Ölkədə dövriyyədə olan debet kartlarının əsas hissəsini icbari ödənişlər üçün nəzərdə tutulan əmək haqqı və sosial kartlar təşkil edir. Bundan əlavə, sosial kartlar yalnız müavinatlar və dövlət tərəfindən sosial ödənişlər üçün istifadə edilə bilər" .