Azərbaycan və Türkiyə bulud texnologiyaları sahəsində təcrübə mübadiləsi aparır.


Facemark.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin rəsmi saytında qeyd olunub.


İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Türkiyənin “Bulutistan” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib. Tədbirdə kibertəhlükəsizlik məsələləri, müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqi, Azərbaycan və Türkiyə arasında bulud texnologiyaları sahəsində təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.


Tədbir çərçivəsində “Hökumət buludu və bulud xidmətləri”, “Maliyyə və təhlükəsizlik”, “4Sİ texnologiyaları və bulud həlləri” və “4Sİ ekosisteminin təmin edilməsi” mövzularında panel sessiyalar keçirilib. Dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin və mütəxəssislərin, eləcə də Türkiyənin 4Sİ texnologiyalarını tətbiq edən qabaqcıl şirkətlərinin iştirak etdiyi sessiyalarda bulud həlləri və bu həllərdən istifadənin üstünlükləri qeyd olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində həmçinin, 4Sİ ekosisteminin dəstəklənməsi məqsədilə “Bulutistan” şirkəti KOBİA tərəfindən startap şəhadətnaməsi verilmiş 4 sahibkara 5 ay müddətində ödənişsiz bulud xidmətləri təqdim edib.