“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC və Hədəf STEAM liseyinin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniya keçirilib.
Facemark.az xəbər verir ki, bu barədə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi səhifəsində qeyd olunub.Tərtər rayonunun Xoruzlu kənd tam orta məktəbində şagirdlər üçün təlimlər təşkil olunub. Təlimlər informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzularını əhatə edib.
Təlimlərin keçirilməsində əsas məqsəd kənd yerlərində yaşayan şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının, sosial media marketinqi üzrə məlumatlılıq səviyyəsinin artırılması, şəhər və kənd məktəbləri arasında rəqəmsal fərqliliyin aradan qaldırılmasıdır.
Məktəblilərin böyük marağına səbəb olan maarifləndirici tədbirin sonunda onların təlim mövzuları üzrə sualları cavablandırılıb və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məktəbə printer, şagirdlərə bel çantası və dərs ləvazimatları hədiyyə edilib.