28 Aprel tarixi Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən bəri Ümumdünya Əməyin Mühafizəsi Günü olaraq elan edilib. Bu günün təsis edilməsinin məqsədi işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır. Azərbaycanda da hər il 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir.


Bu ilin eyni günü isə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində çalışan həmkarlar üçün daha da əlamətdardır. Beynəlxalq Əməyin Mühafizəsi günündə HSE Center Azerbaijan (Azərbaycan SƏTƏMM Mərkəzi) təsis edilib və bu gün münasibətilə SƏTƏMM sahəsində çalışan bütün mütəxəssislərə təbrik ünvanlayıb.


HSE Center Azerbaijan missiya olaraq sənayedə təhlükəsizlik məsələlərinə ölkə miqyasında məlumatlılıq yaratmaq və sahənin inkişafına dəstək olmağı seçmişdir. Mərkəzin məqsədi cəmiyyətdə əməyin mühafizəsi və sağlamlığı şüurunu formalaşdırmaq üçün təbliğat və maarifləndirmə kampaniyaları aparmaq, ən yaxşı təcrübələri təbliğ etmək, bu sahədə çalışan həmkarlar üçün peşəkar inkişaf imkanlarını artırmaqdır.


Təşkilatın fəaliyyəti çərçivəsində dövlət və özəl sektor əməkdaşlığını təşviq etmək üçün müxtəlif tədbirlər, forumlar, kompaniyalar təşkil edilməsi nəzərdə tutulmuşdur. Mərkəz inteqrasiya edilmiş əməyin təhlükəsizliyi mədəniyyəti anlayışını və statistikasını yaratmağı və peşəkarlar tərəfindən təlimlərin, seminarların, məşğələlərin (workshop) keçirilməsini planlayır.


HSE Center Azerbaijan 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə bütün sahə mütəxəssislərini bir daha təbrik edir və çox yaxında bu həmkarlar üçün təşkil ediləcək maraqlı yenilikləri www.hsecenter.az internet səhifəsi və sosial şəbəkə hesablarından izləməyə dəvət edir.