Azərbaycanda müasir təsviri incəsənət məktəbinin ən görkəmli nümayəndələrindən olan Məlik Ağamalovun fərdi sərgisi keçirilib. Unibankın dəstəyi ilə Müasir İncəsənət Muzeyində təşkil olunan sərgidə Məlik Ağamalovun son dövrlərdə çəkdiyi rəsm əsərləri nümayiş etdirilir. İstedadlı rəssamın Fərdi sərgisinə Heydər Əliyev Fondu, Müasir İncəsənət Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqı dəstək verib. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin “intellektual qanadı”nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır. Lakin başlıcısı budur ki, rəssam apardığı estetik cəhətdən ölçüb-biçilmiş intellektual oyunun arxasında incəsənətdə başlıca meyarı – insanın daxili aləmini göstərməyi unutmur.
Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və BƏƏ -də nümayiş etdirilib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar Ittifaqının sədri Fərhad Xəlilov Məlik Ağamalovun Azərbaycanın rəssamlıq sənətində özünəməxsus yeri olduğunu, sənətkarın əsərlərində fərdi dünyagörüşü modelini quraşdırdığını, tamaşaçıya qəlbinin hərəkətini çatdırmağa çalışdığını vurğulayıblar. Rəssam Məlik Ağamalovun fərdi sərgisi 2013-cü il yanvar 13-dək ziyarətçilərin üzünə açıq olacaq.