Facemark.az Rafiq Əhmədin "Rəqəmsal Marketinqdə aktual 7 cərəyan" adlı köşə yazısını təqdim edir!

Rəqəmsal Marketinqin gələcəyinin süni intellekt, səsli axtarış, AR/VR kimi innovativ texnologiyaların artan inteqrasiyası ilə müəyyən edildiyi bir dövrdə məlumat məxfiliyi və istifadəçi dayanıqlılığına diqqət maksimum aktualdır. Bu gün peşəkar marketoloqlar kompleks mühitləri idarə edərkən fundamental təcrübələrə söykəndiklərini nümayiş etdirməlidirlər. Çünki çoxkanallı (chross-channel) rəqəmsal sistemlərə inteqrasiya, ani video məzmunların geniş vüsət alması, eləcə də mobil 5G şəbəkələrinin sürətlə yayılması fonunda brendlər daha hərtərəfli, innovativ və məlumat mərkəzli strategiyalar axtarışındadırlar ki, bu da marketinq sektorunu əvvəlki illərə nisbətən daha çox məsul edir. Sən də dinamik və dayanıqlı bir rəqəmsal marketinq ekosistemi yaratmaq haqda düşünürsənsə, çox vaxt itirmədən bu günün Rəqəmsal Marketinq aləmində tüğyan edən 7 ən aktual trendi birlikdə nəzərdən keçirək!


1. Kontent Marketinqdə Süni İntellekt Baxmayaraq ki, Rəqəmsal Marketinqdə gördüyümüz, eşitdiyimiz hər şey kontentdir, mütəxəssislər yenə də bu bölməni ayrıca məzmun marketinqi – Content Marketing olaraq kateqoriyalaşdırırlar. Hal-hazırda marketinqin bu istiqamətində bir AI (ey-ay) – süni intellekt fırtınası coşmaqdadır. Bu trend brendlərə daha sürətli kontent yaratmaq imkanı təqdim edərək onlara kontent və SEO strategiyası, vizual həllər, bazar araşdırması kimi istiqamətlərdə effektli “insight”lar yaradır. Kontent Marketinq brendin öz auditoriyasına informasiya yüklü bloq postları, öyrədici videolar tipli faydalı məzmun ötürmə strategiyasıdır. Bu kimi kommunikasiyalar interaktivliyi artıraraq brendlərə müştərilərinin suallarına cavab tapmaqda kömək edir. 2024-cü il üçün ümumdünya Kontent Marketinq büdcəsi 600 milyard $ civarında proqnozlaşdırıldığı bir müddətdə qlobal olaraq süni intellekt texnologiyalarının bazar payı 196 milyard $ həcmində dəyərləndirilmişdir. (Forbes)


2. “Search Engine Marketing” (SEM) Axtarış Sistemləri üzrə Marketinq (Search Engine Marketing) brendlərə SEO strategiyaları çərçivəsində öz veb-saytlarını axtarış nəticələri səhifəsində (SERP) ödənişli əsaslarla önə çəkmək imkanı yaradır. SEM-də Pay-Per-Click Advertising (PPC) metodu ilə Google reklamınıza edilən hər klik başına 1 dollar (“bidding” – çox da qoymaq olar) ödəniş edə bilərsiniz. Statista-nın verdiyi məlumata görə, 2023-cü ildə ABŞ-da axtarış sistemlərinə yatırılan reklam büdcəsi 88.8 milyard dollar təşkil etmişdir.


3. “Affiliate and Influencer Marketing” Affiliate Marketing-i “Partnyor” marketinqi də adlandıra bilərik. Marketinqin bu növünü Influencer Marketing-dən fərqləndirən cəhət onun sırf internet-satış yönümlü olmasıdır. Belə ki, Affiliate Marketing-də sifarişçinin məhsulunu öz səhifəsində paylaşan məşhur istifadəçi – influnser bu məhsulun hər satışından müəyyən gəlir əldə edir. Dünya üzrə 2023-cü ilin sonu üçün “Affiliate Marketing” layihələrinə yatırılan məbləğ 14.3 milyard dollar civarında dəyərləndirilmişdir. (Influencer Marketing Hub)


4. Mobil Marketinq (Mobile Marketing) Müştərilərini addımbaaddım izləyən marketoloqlar üçün Mobil Marketinq auditoriyanı davamlı olaraq yenilik və məhsullar barədə məlumatlandırmaq üçün əla fürsətdir. Marketinqin bu qanadı brendləri həyata keçirdikləri hər kommunikasiyanı həm də mobil interfeysə uyğun adaptasiya etməyi şərtləndirərək bazarı xeyli genişləndirib. Statista-nın nəticələrinə görə, 2022-ci ildə mobil marketinq bazarı 327 milyard $ həcmində dəyərləndirilmişdir, 2024-cü ildə bu rəqəmin 400 milyard $ olacağı gözlənilir, həmçinin kateqoriyanın 2030-cu ilədək 5 dəfə böyüyəcəyi proqnozlaşdırılır.


5. Qısa Videolar Video Marketinqdə bir janr olan qısa videolar son illərin ən çox müraciət edilən, eyni zamanda auditoriya tərəfindən müsbət qarşılanan cərəyanıdır. Bu tip kommunikasiyaların hazırlanması üçün brend, adətən, çox resurs xərcləmir, eyni zamanda izləyici də öz vaxtına qənaət etmiş olur. Üstəlik, qısa videolarda brend mesajını limitli vaxt ərzində çatdırmağa məhkum olan marketoloqlar kreativliklərini daha çox işə salmalı olurlar ki, bu da məzmunlarda yaradıcılığı gücləndirir. Müxtəlif araşdırmalara əsasən, alış-verişdən öncə istehlakçıların 73%-i alacaqları məhsulun videosunu izləyirlər. Hubspot-un 2024-cü ilə olan analizinə görə isə, qısa videolar marketinqdə ən çox geridönüş gətirən (ROI) strategiyadır.


6. Hazırcavab Çatbotlar Veb-sayt və ya sosial media səhifələri üzərindən günümüzdə tətbiq olunan çatbot funksiyası müştəri mesajlaşmalarında geniş imkanlar təklif edir. Çatbotlar ziyarətçi suallarının fasiləsiz cavablandırılması, sorğulara uyğun məhsulların ani müqayisəsi və təklifi kimi özəlliklər ilə “CRM” – Müştəri Məmnuniyyəti Marketinqi baxımından marketinq proseslərinə unikal dəstək göstərməkdədir. Müxtəlif araşdırmalara əsasən, 90% müştəri sorğuları çatbotlar vasitəsilə 10 və daha az mesajlar vasitəsilə öz həllini tapır. Çatbot bazarının 2028-ci ilədək 16 milyard $ civarında dəyərlədiriləcəyi proqnozlaşdırılır.


7. Marketinqdə AR və VR Effektlər Bu gün bir sıra brendlər AR (“Augmented Reality” – Artırılmış Reallıq) və VR (“Virtual Reality” – Virtual Reallıq) marketinqi vasitəsilə öz potensial müştərilərinə interaktiv təcrübələr yaşadırlar. Bu yolla rəqəmsal elementləri real dünyaya inteqrasiya edərək və ya tamamilə virtual mühitlər yaradaraq markalar auditoriyaları innovativ və yaddaqalan üsullarla cəlb edə bilirlər. AR və VR Marketinqi məhsul nümayişləri, virtual turlar, interaktiv reklamlar və video-oyunların təqdimatında geniş istifadə olunur. Bu strategiya brendlər üçün auditoriyaya daha təsirli mesajlar vermək (storytelling), habelə daha əyləncəli kommunikasiya qurmaq imkanı təqdim edərək müsbət imic formalaşdırmağa fokuslanır. Statista-nın araşdırmalarına görə, 2029-cu il üçün dünyada AR və VR bazarı üzrə müntəzəm istifadəçilərinin sayı 3.7 milyona çatacaq. Adambaşına düşən gəlirin 11.9 $ olacağı gözlənilir.


Xülasə: Rəqəmsal Marketinqdə effektli həllər yeni texnologiyalar ilə sıx bağlı olduğundan daim trendləri izləmək, texnologiya dərgilərinə abunə olmaq və reallaşan innovasiyaları nəzərdən qaçırmayaraq bütün bu prosesləri mütaliə etmək vacibdir. Beləliklə, siz növbəti addımlara hazır olacaq və marketinq strategiyanızın xəritəsini (roadmap) təyin edəcəksiniz. Doğru zamanda doğru yerdə olmaq – (Place, Promo), yəni anında lazımi kommunikasiyanı qurmaq rəqəmsal marketinq mütəxəssisinin ümdə həyat qayəsidir. Çünki peşəkar marketoloq bu sürətli məlumat axınının (data traffic) mərkəzi fiqurudur və o, məhkumdur ki, bu işə sadəcə bir vəzifə kimi yox, həm də həyat tərzi olaraq yanaşsın.