Korporativ məsuliyyəti “xeyriyyəçilik”lə qarışıq salan şirkətlərə yeni təsis olunmuş təqaüd proqramı nümunə ola bilər. “Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyinin başladığı yeni proqram ölkədə hansısa sahənin davamlı inkişafına yönəlmiş çox az korporativ sosial məsuliyyət layihələri sırasına düşdü.
“Azərbaycan Metallurqlar Cəmiyyəti” İB-nin həyata keçirdiyi və Baku Steel Company MMC-nin maliyyələşdirdiyitəqaüd proqramı, ilkin mərhələdə, Azərbaycan Texniki Universitetinin tələbələrinə ünvanlanıb.Təqaüd almaq uğrunda müsabiqə 7 fakültədən 62 tələbə arasında keçirilib. İkimərhələli müsabiqə nəticəsində 16 tələbə “Polad təqaüd”ü almağa layiq görülüb.
Proqrama əsasən aylıq təqaüdün məbləği 150 manatdır. Qeyd edək ki, sessiyasını əla nəticə ilə başa vuran tələbələr üçün isə bu məbləğ 200 manat olacaq.
Bundan əlavə Baku Steel Company seçilmiş tələbələrin təhsillərini xaricdə davam etdirməsinivə işlə təmin olunmasınıda öz üzərinə götürüb.
Təqaüd alanlar arasındakı 3-4-cü kurs tələbələri istehsalat praktikalarını Baku Steel Company-də keçəcəklər. Həmin tələbələrlə oxuduqları ixtisas üzrə müəssisənin ayırdığı kurator məşğul olacaq. Tələbələr diplom və kurs işlərini də istehsalatın tələblərinə uyğun olan mövzular üzrə seçəcəklər. Bununla, onların qeyd edilən sahəni daha dərindən öyrənməklərinə şərait yaradılacaq.
“Polad təqaüd”ün təqdimat mərasimi AzTU-da BSC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov, AzTU-nun rektoru professor Havar Məmmədov, müəllim və tələbə heyətinin iştirakı ilə keçirildi. Tədbirdə çıxış edən R.Məmmədov, təqaüd proqramının əsas məqsədinin Azərbaycanda metallurgiya sahəsində ixtisaslı milli kadrların yetişməsi olduğunu bildirdi: “Azərbaycan metallurgiyası Sovet İttifaqı respublikaları arasında ən qabaqcıllardan olsa da, keçid dövründə problemlər yaşadı. Metallurgiya müəssisələrinin köhnəlməsi və yararlılığını itirməsi bu sahəyə olan marağı azaltdı. İş yeri kimi gənclərin diqqətini cəlb etmədiyindən, bu sahədə ixtisaslı kadr boşluğu yarandı. Ölkəmizdə aparılan uğurlu quruculuq siyasətinin və sürətli iqtisadi inkişafın nəticəsində problemli dövrləri artıq geridə qoymuşuq. Hal-hazırda müasir texnologiyaları mənimsəməklə, metallurgiya müəssisələrimizi dirçəldirik. Yeni-yeni metallurgiya müəssisələri işə salırıq. Qarşımızda duran əsas məqsəd isə öz kadrlarımızı yetişdirmək, onların həm Azərbaycanda, həm də xaricdə ən yaxşı biliklərə yiyələnərək, metallurgiya sənayemizə fayda verməsinə çalışmaqdır”. BSC-nin müşahidə şurasının sədri onu da əlavə etdi ki, müəssisə belə təşəbbüsləri bundan sonra da davam etdirəcək.
Tədbir zamanı “Polad təqaüd” proqramının qaliblərinə sertifikat və təqaüd alacaqları plastik kartlar təqdim olundu. Sonda, sözügedən layihəylə bağlı video çarx nümayiş etdirildi.