Müxtəlif reklamlar bizə bankların təklif etdiyi gözəl kreditlər, aşağı faizlər və pulsuz kartlardan xəbər verir. Lakin xəyal qurmağa tələsməyin. Müştərinin rifahı, mülkiyyəti və həyat səviyyəsi barədə söhbətlər – bunların hamısı reklam gedişləridir. Biz bank müştərilərinin qarşılaşdıqları ən geniş yayılmış problemlərin reytinqini tərtib etmişik.

10. Ödənilməmiş kart


Bank kartının arxa tərəfində, əksər hallardı ingilis dilində belə bir qeyd yazılmış olur: «Bu kart bankın mülkiyyətidir» və ya «Bu kartın emitenti filan bankdır». Bu o deməkdir ki, siz kartın istifadə müddəti bitdikdən sonra onu banka qaytarmalısınız. Bəzən elə olur ki, insanlar iş yerlərini dəyişir, universiteti bitirir və bununla da onların kartına vəsait daha daxil olmur. Təbii ki, bir müddət sonra kart sahibi onun haqqında ümumiyyətlə unudur və ən maraqlısı da elə bu zaman başlayır.

Bank karta illik xidmət göstərilməsinə görə hesabdan vəsaitləri silir, müştərinin hesab balansı artıq «mənfi»yə çevrilir, sonra isə həmin şəxsə zəng edib ağlagəlməz məbləğdə pul ödəməli olduğunu bildirirlər. Bunun baş verməməsi üçün kartın istifadə müddətinin bitməsinə bir ay, ay yarım qalmış həmin kartı onun rəsmiləşdirildiyi bank bölməsinə apararaq ərizə yazmaq lazımdır. İdeal halda isə, öz gözlərinizlə bankın menecerinin onu necə kəsib doğradığını görməyiniz yaxşı olar.

9. Faizsiz kredit

Əksər hallarda faizsiz kredit – reklam kələyidir. Bu hiylə əslində bu cür görünür: tutaq ki, müştəri kreditlə yeni «iPhone» alır. Bank mağaza vasitəsilə ona öz məhsulunu – «faizsiz krediti» satır. Bu cür kredit üzrə müştəri qısa vaxt ərzində (3–6 ay) həqiqətən heç nə ödəmir. Lakin «iPhone»un sahibi borcunu ödəyə bilməyibsə, digər bir sxem işə düşür. Həmi sxemə görə, müştəri ssudanın 50-80%-i qədər məbləği aybaay ödəməyi öz üzərinə götürür, həm də, kreditin verildiyi ilk gündən hesablanmaqla.

Ona görə də, müqavilənin şərtlərini diqqətlə oxuyun və sual verməkdən çəkinməyin.

8. Müqavilənin birtərəfli dəyişdirilməsi


Əgər sizin depozit müqaviləniz iri məbləğə bağlanıbsa, o zaman «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununu oxuyun və müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi məsələləri ilə maraqlanın. Bu məsələni özünüz üçün aydınlaşdırın. Əgər çətinlik çəkirsinizsə, hüquqşünasa müraciət edin.

Siz yalnız dəqiq cavab aldıqdan sonra öz pulunuzu banka etibar etməlisiniz.

7. Kartın itirilməsi zamanı komisyon haqları

Bank kartını itirmiş müştəri bir qayda olaraq, öz vəsaitlərindən də məhrum olur və bu azmış kimi, kartın bərpası üçün banka kifayət qədər böyük məbləğ də ödəməyə məcbur olur. Əgər kartınızı təcili istəsəniz, bunun üçün də əlavə pul ödəməli olacaqsınız. Bəzi banklar kartın nasaz bankomatdan çıxarılması, bloklaşdırma, kartın istifadəsinə beynəlxalq qadağa qoyulması və bir çox digər xidmətlər üçün komisyon haqları tuturlar və bununla mübarizə aparmaq mənasızdır.

6. Bahalı sığorta

Banklar bir qayda olaraq, kredit şərtlərinə ayrılıqda razılaşdırılmamış bəndləri də əlavə edirlər. Nəticədə, kredit üzrə faiz dərəcəsi heç də kiçik olmaya bilər, hal bu ki, əlavə xidmətlər üçün aybaay yüzlərlə manat ödəmək lazım gəlir. Tez-tez borcgötürənin paketinə bahalı sığorta da əlavə olunur. Hal bu ki, müştəri bundan imtina edərək puluna qənaət edə bilər. Əgər, ipoteka müqaviləsi çərçivəsində həyatın sığortalanması mütləq bir normadırsa, digər bütün kredit növlərində çəkinmədən sığorta barədə bəndin çıxarılmasını tələb etmək olar.

Mülkiyyətin sığortalanması üzrə mütəxəssis Emin Məmmədov hesab edir ki, bəzən sığorta kredit üzrə faiz dərəcəsini aşağı salmağa imkan verir. Müvafiq qanunvericiliyə görə, banklar borcgötürənin sığortalanmasını nəzərdə tutan və nəzərdə tutmayan kreditləşmə proqramlarını təklif etməlidirlər.

Ekspert sadə bir qayda təklif edir: üç aylıq qazancdan yüksək məbləğdə olan kredit sığortalanmalıdır.

Buna baxmayaraq, bankların fantaziyası sığorta ilə məhdudlaşmır. Müştərini, özünün də xəbəri olmadan, standart prosedura əsasında SMS xəbərdarlıq, mobil bank və bir çox digər xidmətlərə də qoşa bilərlər.

5. Kredit məbləğindəki fərqlər

Bank kreditlərin sayının çox olmasında maraqlıdır, çünki kreditlər onun əsas gəlir mənbəyidir. Buna görə də, bank istənilən vasitə ilə, hətta reallıqdan uzaq olan vədlər hesabına olsa da, müştəriləri cəlb etməyə çalışır. Bəzi hallarda müştəriyə güzəştli şərtlərlə və aşağı faiz dərəcəsi ilə müəyyən limit çərçivəsində 5 min manat həcmində kredit təklif edirlər. Lakin, sevincək olmuş istehlakçı kredit təşkilatına gəldikdə məlum olur ki, deyilən şərtlər əsasında o yalnız 3 min manat məbləğində kredit götürə bilər. Guya ki, müştəri şərtləri düzgün başa düşməyib.

4. Cəlbedici reklam

Ticarət şəbəkələrində vətəndaşların əksəriyyəti, lap uşaqlar oyuncaq dükanında olduğu kimi, tamamilə müdafiəsizdirlər. Onlar, hətta pulları çatmasa belə, hər şey almaq istəyirlər. Bax elə bu vaxt banklar rəngarəng reklam aksiyaları və cəlbedici təkliflərlə onları tələyə salırlar. Məsələn, siz belə bir elan görürsünüz «0% artıq xərc», sonra isə təəccüblə görürsünüz ki, həmin kredit üzrə həqiqi faiz dərəcəsi 36 % təşkil edir. Bu cür xoşagəlməz hallardan qorunmaq üçün, kredit müqaviləsini diqqətlə oxumaq və məsləhətçilərə inanmamaq lazımdır. Çünki, onların vəzifəsi – istənilən yolla satmaqdır.

3. Kreditin vaxtından əvvəl qaytarılmasına qadağa


Müştəri kredit təşkilatına borcunu vaxtından əvvəl qaytarırsa, bu çox gözəl haldır! Lakin, müştəri üçün. Bu halda bank nəzərdə tutulan gəlirlərin bir hissəsindən məhrum olur. Buna görə də, kreditin vaxtından əvvəl qaytarılması məsələsi əvvəlcədən müştəri ilə bağlanan müqavilədə əks olunur. Burada siz müqavilənin şərtlərinin dəyişdirilməsini tələb edə bilərsiniz. Lakin, bank bununla razılaşacaqmı?

2. Sonu bilinməyən ipoteka


İpoteka krediti bir çoxlarının həyatında ən iri və ciddi borc olur. Faiz dərəcəsinin hətta 1% artırılması minlərlə manata başa gəlir. Kredit üzrə real faiz dərəcəsi, o cümlədən gizli komisyon haqları bilinməlidir. Reklam aksiyalarında banklar əksər hallarda faiz dərəcəsini aşağı salır, sonrada isə notarial təsdiq (+2%), girovun rəsmiləşdirilməsi və alqı-satqının müşayiət olunması (+2-3%), icbari sığorta (+1%) haqlarını və hətta siz evi seçənə qədər pulların saxlanacağı depozit qutusuna görə də faizləri borc götürdüyünüz məbləğə əlavə edirlər.

 1. Overdraft

Zənnimcə, bu, ən xoşagəlməz kreditdir. Çünki, əksər hallarda müştəri bu cür krediti heç götürmür də. Overdraftdan istifadə etmədən öncə çalışın bütün nüansları və incəlikləri nəzərə alasınız.
 


Biznesinfo