Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, “Hackathon Azerbaijan” layihəsi ilə əməkdaşlığa başladığını məmnuniyyətlə elan edir. Bakcell, layihə çərçivəsində keçirilən və 21 yanvar – 10 mart, 2013-cü il tarixlərini əhatə edən “Win Phone 2" müsabiqəsinin baş sponsorudur.
Bakcell bununla Azərbaycanda gənc proqram tərtibatçılarının inkişafına dəstək göstərmək niyyətindədir. Müsabiqəyə təqdim olunacaq mobil tətbiqetmələr “Windows 8” platformasında hazırlanmalıdır.
Müsabiqədə iştirak etmək üçün 21-31 yanvar tarixləri arasında www.hackathonazerbaijan.org saytında qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin iştirakı müvafiq seçim əsasında müəyyənləşəcək.
Fevralın 3-də isə müsabiqədə iştirak hüququ qazananlar üçün ilk təlim təşkil ediləcək. Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.
“Bakcell”in baş sponsorluğu,“Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in sponsorluğu ilə keçirilən müsabiqənin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir.
Qeyd edək ki, bu, “Bakcell”in baş sponsoru olduğu ikinci belə layihədir. Şirkət eyni zamanda mobil tətbiqetmələrin inkişafına yönələn daha bir layihəni – “Mobile Monday” layihəsinin tərəfdaşıdır.
“Hackathon” haker neologiyası, yəni proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Onun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.