Gözümüz təqvimdədir. Həsrətlə baharın yolunu gözləyirik. Hamımız inanırıq ki, baharın gəlişi həyatımızda gözəl dəyişikliklər edəcək. Odur ki, hər birimiz bacardığımız kimi təbiətin nazlı qızını qarşılamağa hazırlaşırıq.


Bu hazırlıqlar içində yeni xəbər eşitmişik. Sevimli müğənnimiz Əməkdar artist Tünzalə Ağayeva maraqlı bir layihə hazırlayır. Həmişə melomanların zövqünü oxşamağı bacaran Tünzalə xanımdan yenə də möhtəşəm bir iş gözləmək haqqımız var. Amma bu dəfə müğənni hər şeyi sirr saxlayır. Nə özü ekranlarda görünür, nə də layihə barədə məlumat verir. Bu gizlilik də hamını düşünməyə məcbur edir: axı nə baş verəcək?


 


Biz etibarlı mənbələrimiz sayəsində layihə barədə öyrənə bildik. Sən demə, Tünzalə xanım da Novruz bayramına hazırlaşır. Bu gözəl bayram haqqında hamının əzbər biləcəyi bir mahnı ərsəyə gətirmək üçün gecə-gündüz çalışır. Hər şey demək olar ki, hazırdır. Amma Tünzalə xanım tələsmir. O istəyir ki, bu mahnıda hamı iştirak etsin. Çünki bu hamının mahnısı olacaq! 


Necə yəni hamı? Tünzalə Ağayevanın xalqın dəstəyinə ehtiyacı var. Müğənni Novruz haqqında mahnının sözlərini bizdən gözləyir. Bizsiz bu mahnı yarımçıq qalacaq, təsəvvür edirsiniz? Bu da daha bir müəmma. Axı adi insanlar müğənniyə necə kömək edə bilərlər? 


Bu, çox asandır. Sadəcə olaraq, Novruzmahnisi.com saytına yaxud Tünzalə Ağayevanın səhifəsinə baş çəkmək və Novruzla bağlı ən sevimli sözümüzü orada qeyd etmək lazımdır. Tünzalə xanım bu sözlərin ən gözəllərini mahnısında istifadə edəcək. 


Bu, çox möhtəşəm layihə olacaq! Yeni Novruz mahnımızı birlikdə yazmağa nə deyirsiniz? Xalqın Novruz mahnısında Sizin də sözünüz olsun!