24 illik təcrübəyə malik DəmirBank-ın maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2012-ci ilin uğurlu yekunlarını əks etdirib.


Bankın aktivləri il ərzində 7,2% artaraq, 383,2 mln. manat, müştərilərə verilən kreditlər 8% artaraq 280,6 mln. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 29,8% artaraq 132,4 mln. manat olub. Bankın məcmu kapitalı isə 56 mln. manat təşkil edib.


Səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişafı Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) olan DəmirBank, Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozu ilə “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkə bank sektorunda yüksək göstəricilərdəndir.


Bank beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını davam etdirərək, 2012-ci ildə 42 mln. ABŞ dolları məbləğində vəsaitlərin cəlb edilməsi barədə müqavilələr imzalayıb. DəmirBank Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlığını davam etdirir.


2012-ci ildə Bank kredit fəaliyyətini və kreditlərin çeşidini genişləndirib. İl ərzində müştərilərə “8 mart – Avtomobil krediti”, “Neftçilərə Kredit”, “Səhiyyə İşçilərinə Kredit”, “Dövlət Qulluqçularına Kredit”, “Təkrar Müştərilərə Kredit”,  “Kreditini hədiyyə qazan” və sair kredit kampaniyaları təqdim edilib.


DəmirBank 2012-ci ildə əmanətlər, plastik kartlar, pul köçürmələri və ödəmələr sahəsində uğurlu nəticələr əldə edib. İl ərzində Bankda əmanətlərin həcmi 29,8% artıb. 


DəmirBank ölkədə ilk banklar sırasında taksit tipli kredit kartı olan Aykart məhsulunu, eləcə də Azərbaycanda ilk dəfə MobilKart məhsulunu müştərilərə təqdim edib. Bank plastik kartlar üzrə “5 manata kart”,  “Pulsuz kart”, “Futbol üzrə Dünya Çempionatına bilet qazan”, “Visa Gold və Platinum kartları pul gətirir” və s. aksiyaları həyata keçirib.


2012-ci ildə DəmirBank Lider, Allure və UPT pul köçürmə sistemlərinə qoşulub, “Mobil danışıq kartı hədiyyə”, eləcə də Western Union və Contact köçürmələri üzrə fərdi qaydada aksiyalar keçirib. Bankın saytında kommunal, rabitə, İnternet, kabel TV və sair xidmətlərin BillPay on-layn ödəniş xidməti üzrə uduş kampaniyasını keçirilib.


 


2012-ci ildə DəmirBank-ın Şəmkir şöbəsi filiala çevrilib. Müştəri rahatlığı üçün Yasamal, Bərdə və Lənkəran filialları yeni ofislərə köçürülüb. Beləliklə, son 2 ildə 10 filialını yeni ofislərə köçürən DəmirBank, bu filiallarda yeni “Korporativ interyer tərtibat” standartlarını da tətbiq edib. Bank daha bir neçə filialını yeni və rahat ofislərə köçürülməsi işlərini aparır.


Bank üçün prioritet sahələrdən biri müştəri xidməti keyfiyyətinin artırılmasıdır. Bu sahədə filial əməkdaşları üçün müxtəlif treninqlər keçirilir, filiallarda Q-Matic sisteminin tətbiqi layihəsi aparılır və sair işlər həyata keçirilir.


DəmirBank ötən il İT infrastrukturun yenilənməsi layihəsi üzrə işləri tamamlayıb. Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq “SAP for Banking” proqram təminatının tətbiqi layihəsi üzrə 2012-ci ildə HR (İnsan Resursları), Payroll (Əməkhaqqı), FI (Maliyyə), Treasure (Xəzinədarlıq) və OpenText (Elektron Kargüzarlıq) modulları tətbiq edilib. Core Banking System (Hesabların İdarəediləməsi, Təminatların idarəedilməsi) və CRM (Müştərilərlə Əlaqələrin İdarəedilməsi) modulları üzrə layihələndirmə, əksər tətbiqi işlər, nizamlanma və ilkin testləşmə yekunlaşıb.


DəmirBank 2012-ci il ərzində sosial yönümlü fəaliyyəti istiqamətində müxtəlif tədbirlər həyata keçirib – 8 martla bağlı aksiya, “KreAktiv” müsabiqəsi, “Nə? Harada? Nə zaman?” oyunlarında “Atəşgah” klubuna sponsorluq, Beynəlxalq Əmanətlər Günü, Məzun Günü və sair.


Ölkənin ilk banklarından olan DəmirBank 2013-cü ildə fəaliyyətinin inkişafı istiqamətində işləri davam etdirir. DəmirBank 2012-ci ilin uğurlu yekunları ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkür edir və yeni uğurlar arzulayır.