“AtaBank” ASC-nin 2012-ci ilə maliyyə təsərrüfat nəticələri uğurlu olmuşdur. Ötən il aktivlərin dinamikasında 24.5% və ya 56.5 mln manat artım müşahidə olunmuşdur. İlin əvvəlində aktivlər 231.0 mln manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 287.6 mln manata çatmışdır. 
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərə çarpacaq dərəcədə olaraq 28,5% və ya 41,8 mln. manat təşkil etmişdir. Beləliklə, ilin əvvəlində kredit göstəricisi 146.7 mln. manat olduğu halda, yekunda rəqəm 188.5 mln. manatı keçmişdir.

2012-ci ilin yekunlarına görə bankın müddətli depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 16,3% və ya 26,6 mln. manat artaraq, 189,6 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2012-ci ilin əvvəlinə bu göstərici 163,1 mln. manat təşkil edirdi. 2012-ci il ərzində fiziki şəxslərin müddətli əmanətlərinin böyük artım dinamikası qeydə alınıb. Belə ki, ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin müddətli əmanətləri 32,0% artaraq 134,5 mln. manat təşkil etmişdir.

İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,8% və 17,4% təşkil etmişdir. 2012-ci il ərzində bankın bankomatlarının sayı 64-dən 72-ə POS terminal şəbəkəsinin sayı isə 9217 ədəd olmuşdur.

İlin nəticəsinə görə bankın xalis mənfəəti 4,4 mln. manat təşkil etmişdir.

Əldə olunan uğurlar 2013-ci ildə bankın, onun əməkdaşlarının üzərinə düşən məsuliyyəti daha da artırır. Daim bir addım öndə olmağı qarşısına prioritet məqsəd kimi qoyan “AtaBank” bu il də iş sisteminin bir qədər təkmilləşdirmək, müştəri məmnunluğunu təmin etmək məqsədi ilə yeni layihələri həyata keçirmək niyyətindədir.

"Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafının uğurla davam etdirilməsi da inkişaf strategiyasının ayrılmaz hissəsinə çevriləcək. Eyni zamanda bank bir neçə elektron şöbənin və filialın açılışını da planlaşdırır. 2013-ci ildə yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin daha da təkmilləşdirilməsi, beynəlxalq kredit və depozit reytinqlərini alınması və s. qarşıya qoyulan başlıca məqsədlərdəndir",-məlumatda qeyd olunur.

Hazırda bankın 2013-ci il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini beynəlxalq audit şirkəti olan “Deloitte&Touche” həyata keçirir.

2012 ildə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AtaBank” ASC-nin qısamüddətli reytinqini “B” səviyyəsində qiymətləndirilmişdir. “AtaBank” ASC-nin 2012-ci ildən start verdiyi “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasını uğurla davam etdirilmiş və kampaniya dövründə “AtaBank” ASC-nin plastik kart istifadəçilərinin sayında da artım olmuşdur. Neçə Belə ki, kampaniyada iştirak etmiş müştərilərdən 467 nəfəri tərəfindən müxtəlif məbləğdə pul vəsaiti udulmuşdur.

2012-ci ildə “AtaBank” ASC, ucqar bölgələrdəki vətəndaşlar üçün səyyar bankomat xidməti olan AtaMatik-i Şəmkir rayonu ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim etdi.