Komtec şirkəti yeni MilliÖn (milli ödəmə nöqtəsi) brendinin təqdimatını keçirib.
Jurnalistlərə yeni brendi şirkətin icraçı direktoru Söhrab Fərhadov təqdib edib. Əvvəlcə rəhbərlik etdiyi şirkət haqda məlumat verən icraçı direktor 2008-ci ildən fəaliyyət göstərdiklərini, ilk ödəməni isə 2009-cu ilin martında həyata keçirdiklərini bildirib.
Şirkətin tətbiq etdiyi elektron həllər kütləvi xidmət müəssisələrinin məlumatlarını bir ekranda birləşdirmək imkanı yaradan prosessinq sistemi üzərində qurulmuşdur. Söhrab Fərhadovun verdiyi məlumata görə, təkcə ötən ilin yanvarından bu ilin fevralınadək şirkət 26,2 milyon ödəmə əməliyyatı icra etmişdir.
MilliÖN əhalinin bütün xidmətləri rahatlıqla bir nöqtədən ödəməsi vasitəsidir. Kommunal ödəmələrdən və aviabiletlərin sifarişindən, on-line oyunlar üçün balansın artırılmasınadək istənilən ödəməni MilliÖN ilə təhlükəsiz və ani olaraq həyata keçirmək mümkündür. 7/24 fəaliyyət göstərən MilliÖN fasiləsiz xidmət təqdim edir. İstirahət və bayram günlərinə, fasilə saatlarına bağlı olmayan bu xidmət ödəmə prosesini rahatlaşdırmağa yönəlib.
Müştərilər xidmətlə bağlı onları maraqlandıran bütün suallara günün istənilən vaxtı və həftənin istənilən günü *0010 qaynar xəttinə zəng etməklə cavab ala bilərlər.
MilliÖN-də ödəmə dərhal – ani olaraq qəbul edilir. Xidmətin onlayn işləməsi sayəsində, ödənişin edildiyi şirkət bu barədə dərhal məlumatalır və bu da MilliÖN vasitəsilə borc ödəyənlərə xidmətlərdən fasiləsiz və arasıkəsilmədən istifadə etmək imkanı verir.
MilliÖN ödəmələri 4 vasitə ilə qəbul edir: köşk, POS-terminal, PC kassir və on-line. MilliÖN şəbəkəsi əhalinin sıx toplaşdığı bütün əraziləri - metro stansiya və keçidlərini, yeraltı keçidləri, market, supermarket və aptekləri, ticarət və əyləncə mərkəzlərini, bank və biznes mərkəzlərini, aeroport, dəmiryol və dəniz vağzallarını, avtovağzalları, yanacaqdoldurma məntəqələrini və s.əhatə edir.
Şirkətin icraçı direktoru planlar barədə də məlumat verib: MilliÖN əlbəəl nağd ödəmədən elektron ödəməyə keçidi qarşıya məqsəd qoyub. Nağd puldan əlavə, yaxın bir neçə ay ərzində MilliÖN köşklərində kredit kartla da ödəmək mümkün olacaq. Bu sahədə ilk addım atılıb - şirkətin saytında - www.million.az ünvanında artıq on-line ödəmək imkanı var.
Bundan başqa, xidmət yaxın zamanlarda elektron pul kisəsi yaratmağı nəzərdə tutur. Hazırda ölkənin aparıcı banklarını da sistemə bağlamaq üzrə iş gedir. Sınaqlar bitdikdən sonar bu bankların müştəriləri kreditlərin ödənilməsini MilliÖN-lər vasitəsilə həyata keçirə biləcəklər. Qarşıdakı aylarda yol patrul xidmətinə və digər dövlət müəssisələrinə ödəmələri də MilliÖN vasitəsilə aparmaq mümkün olacaq.
Xidmətin səviyyəsini və keyfiyyətini daha da yüksəltmək üçün bu il 6 “Müştəri xidmətləri” ofisi açılacaq.
“Bizim məqsədimiz ödənişlərin qəbulunu əhali üçün tam rahat, sürətli və ən əsası, əlçatan etməkdir. Bunun üçün biz müxtəlif ödəmə növlərini bir yerə toplayaraq, dayanmadan genişlənən şəbəkəmiz sayəsində istənilən yerdə və vaxtda ödəmə qəbulunu mümkün etmişik” - Söhrab Fərhadov belə bildirib.
MilliÖN sistemi kiçik və orta biznes sahiblərinə də faydalı olacaq. MilliÖN köşk və ya POS-terminalını öz biznes obyektində yerləşdirmiş sahibkar ödəmələrin məbləği müqabilində müəyyən komisyon alacaq.
Qeyd edək ki, hazırda ölkə üzrə MilliÖN-ün 700 köşkü, 1280 POS-terminalı və 1400 PC kasseri fəaliyyət göstərir. 2013-cü ildə daha 2000 terminal quraşdırılacaq.
Aşağıda MilliÖN brendinin təqdimatına həsr olunmuş reklam çarxı ilə tanış ola bilərsiniz.