6 mart tarixində Qafqaz Universitetində “Bank of Baku”-nun “Karyera günü” keçirilib. Tələbələrə “Bank of Baku”-da karyera imkanları haqqında məlumat vermək məramı daşıyan bu tədbirə çoxlu sayda şəxs qatıldı. “Karyera günü” “Bank of Baku” ilə Qafqaz Universiteti arasında ötən il imzalanmış razılaşma çərçivəsində reallaşdırılıb. Tədbirdə çıxış edən “Bank of Baku”-nun sədr müavini Zaur Qaraisayev qeyd etdi ki, sürətlə inkişaf edən maliyyə təsisatı kimi “Bank of Baku”-nun yeni, ixtisaslı kadrlara ehtiyacı var. Bu mənada ali məktəb məzunları və gənclər bank üçün xüsusi önəm kəsb edir. Zaur Qaraisayev yaxın zamanlarda Qafqaz Universitetində “Bank of Baku”-nun “Mühasibatlıq və audit laboratoriyası”-nın fəaliyyətə başlayacağını da bildirdi. Həmçinin bildirildi ki, “Bank of Baku” Qafqaz Universitetinin tələbləri üçün xüsusi təqaüd proqramı təsis edir. Bu təqaüdü bank və universitet tərəfindən xüsusi meyarlar əsasında seçilmiş tələbələr alacaq.
Öz növbəsində Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakultəsinin dekanı Həzi Eynalov qeyd etdi ki, tədbirin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.
“Karyera günü” çərçivəsində bank təmsilçiləri tələbələrin suallarına cavab verdilər. Ali məktəbdə quraşdırılmış stendlər önündə isə tələbələr “Bank of Baku”-da işlə təmin olunma perspektivləri, işə qəbul proqramının şərtləri, bankda çalışmağın üstünlükləri və digər məqamlara dair ətraflı məlumat əldə etdilər. “Bank of Baku”-nun nümayəndələri Qafqaz Universiteti tələbələrini maraqlandıran sualları ətraflı şəkildə cavablandırdılar.
“Bank of Baku” ilə Qafqaz Universiteti uzun illərdir ki, məhsuldar əməkdaşlıq edirlər. Ötən ilin noyabr ayında isə iki tərəf arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.
“Bank of Baku” ölkəmizin digər təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.