DəmirBank öz bankomatları vasitəsilə müştərilərdən kredit ödənişlərinin qəbuluna başlayıb. Artıq müştərilər DəmirBank bankomatlarında plastik kartla DəmirBank-da olan kreditinin ödənişlərini həyata keçirə bilər.
Bunun üçün bankomatın mövcud “Xidmətlər” bölməsində, “Kredit ödənişləri”ni seçmək, sonra isə hesab nömrəsini, mobil telefon nömrəsini və ödəniləcək məbləği daxil etmək lazımdır. Kredit ödənişi növbəti iş günü ərzində hesaba mədaxil ediləcək.
Ödənişləri həm DəmirBank-ın, həm də digər bankların plastik kartları ilə həyata keçirmək olar. Kredit ödəyərkən müştəridən heç bir komissiya haqqı tutulmur. Qeyd edək ki, DəmirBank-ın ölkə üzrə 60-dək bankomatı mövcuddur.
Bundan başqa DəmirBank-ın müştəriləri yalnız filiallarda və bankomatlarda deyil, həmçinin ötən ildən 700-dək müxtəlif yerlərdə quraşdırılan Milli Ön (PayPoint) işarəli ödəmə terminalları ilə də kredit ödənişlərini edə bilərlər.
Terminal və bankomatlar vasitəsilə kredit ödənişləri müştərilər üçün vaxt və rahatlıq baxımından çox əlverişlidir.
DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.
Ölkənin ilk özəl bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.