“GUAM ölkələrinin ən Yaxşı Bankı – 2012” müsabiqəsi çərçivəsində “Yeni məhsulların yaradılması və tətbiqi üzrə” nominasiyasında DəmirBank beynəlxalq mükafata layiq görülüb.


 


Müsabiqə GUAM Təşkilatının (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) və Ukraynanın “Bankir” jurnalının təşkilatçılığı ilə həyata keçirilib. Mükafatlar mart ayında Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna hökuməti və Milli Bankının, həmçinin Kiyevdə müvafiq ölkələrin səfirlik təmsilçilərinin iştirakı ilə keçirilən mərasimdə təqdim edilib.


 


Ötən 2012-ci ildə DəmirBank müxtəlif yeni məhsullar yaradaraq müştərilərə təqdim edib – ölkənin ilk bankları sırasında Aykart taksit tipli kredit kartı, Azərbaycanda ilk dəfə mobil danışıq dəqiqələri qazandıran Mobilkart, Xaricdən pul alanlara kredit, Lider və UPT sistemləri ilə pul köçürmələri və s. Həmçinin 2012-ci ildə bir sıra yeni məhsulların layihəsi hazırlanıb və tətbiqi işlərinə başlanılıb.


 


DəmirBank 2012-ci ildə müştərilərə həm də müxtəlif kampaniyalar təqdim edib – “Xanımlara avtokredit”, “Neftçilərə kredit”, “Səhiyyə işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Təkrar müştərilərə kredit”, “Kreditini hədiyyə qazan” kampaniyası, “VISA kartları ilə Futbol üzrə Dünya Çempionatına bilet”, “VISA Gold və Platinum kartları üzrə geri ödəmə (cash back) aksiyası”, BillPay müştəriləri arasında uduş kampaniyası, Western Union ilə uduş kampaniyası, Contact-la bonuslu köçürmələr və sair.


 


Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.