Azərbaycanın gənc əczaçılıq şirkəti “Baku Farma” dünyada ixtirası inqilab hesab edilən məhsulun ölkəmizdə satışına başlayacaq. Bunu şirkətin direktoru Anar İsgəndərov deyib.


 


Onun sözlərinə görə, bu yeni məhsul Azərbaycanda analoqu olmayan, hər bir insanın marağına səbəb olacaq “DEO” dezodorant konfetləridir. Bu konfetlər yeyildikdən yarım saat sonra insanın bədənindən 6 saat ərzində gül iyi gəlir.


 


İnsan idmanla məşğul olduqda, isti havada gəzdikdə, gündəlik fiziki işlərlə məşğul olduqda tərləyir və bu zaman xoşagəlməz tər iyi əmələ gəlir. “DEO” dezodorant konfetinin ən azı ikisini yedikdən yarım saat sonra öz təsirini göstərir, tər ifraz olunması nəticəsində müşahidə olunan xoşagəlməz iyi tamamilə neytrallaşdırır. İnsan nə qədər tərləsə belə, onun bədənində heç bir xoşagəlməz iylər müşahidə olunmur. Hətta iki konfetdən artıq qəbul edildikdə, bədəndən qızılgülünün ətiri gəlir.


 


“DEO” dezodorant konfetlərinin sirrini açıqlayan Anar İsgəndərov qeyd etdi ki, möcüzənin baş verməsinin əsas səbəbi qızılgüldən alınan  geraniol maddəsidir: “ABŞ-ın “BENEO Group” şirkətinin mütəxəssisləri və Yaponiya alimləri uzun müddət bir formula üzərində işləyiblər. Araşdırma nəticəsində qızılgülün yağında sarımsağın tərkibindəki ilə eyni olan geraniol maddəsi tapılmışdır. Bu kəşf alimlərin diqqətini çəkib. Geraniol o maddədir ki, insan sarımsağı yedikdə ağızdan və ya bədəndən tər ifraz olunan zaman sarımsaq iyi gəlir. Məntiq ilə düşünülüb ki, əgər sarımsağın tərkibində olan geraniol sarımsaq iyi əmələ gətirirsə, qızılgülün tərkibindəki geraniol gül iyi verməlidir. Araşdırma zamanı da məlum olub ki, bitkinin xüsusiyyətinə görə, geranoilin ətiri dəyişə bilir. Sırf ətiri daşıyan o komponentdir. Geraniol insan orqanizminə düşdükdə, bədəndən ifraz olunan vasitələrlə bayıra çıxmağa başlayır”. 


 


Anar İsgəndərov qeyd etdi ki, bir çox insan nə qədər duş qəbul etsə, ətirlərdən istifadə etsə belə, ondan tər iyinin yayılması müşahidə olunur: “Bunların həlli yeni satışına başlayacağımız,  qida kimi qəbul olunan “DEO” dezodorant konfetləridir. Bu konfetləri yalnız xoşagəlməz tər iylərinə qarşı mübarizədə yox, eyni zamanda adi həyatda, məsələn, siqaret çəkdikdən sonra ağızdakı iyi yox etmək üçün də qəbul edilə bilər. Bu bütün dünyada tam yenilikdir. Artıq bəzi ölkələrdə - Almaniya, Fransa, İngiltərə, Çin və ABŞ-da çox bəyənilib”.


 


“DEO” dezodorant konfetlərinin ixtirasının patent hüququ ABŞ-ın BENEO Group şirkətinə məxsusdur, istehsalçı isə Bolqarıstanın “Alpi” şirkətidir. Azərbaycan bazarında dezodorant konfetin eksklüziv satış hüququ “Baku Farma” şirkətinə məxsus olacaqdır. “DEO” dezodorant konfetlərinin Azərbaycada satışlarına yaxın 2-3 həftə ərzində başlanılması nəzərdə tutulub. Bu konfetləri market və apteklərdən əldə etmək mümkün olacaqdır. İki çeşiddə - şəkərli və şəkərsiz növlərdə satılacaq konfetlərin qiyməti 3 manatdan yüksək olmayacaqdır.  Məhsulun karton qablaşdırmasında 12 ədəd, salafan qablaşdırmasında isə 18 ədəd konfet mövcuddur.


 


Anar İsgəndərov əlavə etdi ki, “DEO” dezodorant konfetləri dərman vasitəsi deyil, tərkibində heç bir kimyəvi maddə olmayan, tam təbii məhsuldur.


 


Hazırda “DEO” üzərində araşdırmalar aparılır, məqsəd kişilərə uyğun digər iyləri əmələ gətirən konfetlərin yaradılmasıdır.


 


Qeyd edək ki, “Baku Farma”  bir neçə ildir yaradılıb. Şirkət Latvianın “Silvanols” və  “Solepharm” əczaçılıq şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur.