DəmirBank Azərbaycanda ilk dəfə xaricdən pul köçürmələrini banka gəlmədən plastik kartla almaq imkanını təqdim edir. "LİDER" sistemi ilə göndərilən pul köçürmələrini müştərilər DəmirBank-ın bütün kartları, həmçinin bu məqsədlə xüsusi yaradılan LeaderCard kobrend kartı ilə banka gəlmədən ala bilər. 
 
Kartın üzərində olan nömrənin son 6 rəqəmini və kartın etibarlıq müddətini bildirməklə xaricdən pul göndərən şəxs DəmirBank-ın istənilən kartına pul vəsaitini dərhal göndərə bilər. Bu halda göndərən şəxsdən yalnız 1% komissiya tutulur, bu isə əksər pul köçürmə sistemləri üzrə 1,5 - 2% komissiyadan daha aşağıdır. Kart istifadəçisi karta daxil olan vəsaiti dərhal bankomatdan nağd çıxara və ya nağdsız ödənişlər etməklə istifadə edə bilər.
 
"LİDER" sistemilə pul köçürmələri alan müştərilər LeaderCard-ı DəmirBank-dan pulsuz ala bilər. DəmirBank bankomatları ilə LeaderCard-dan pulu çıxardıqda müştəridən nağdlaşdırma komissiyası tutulmur. Kartdan vəsaiti Azərpoçtun regionlarda 100-dək məntəqəsində (məbləğdən asılı olmadan komissiya 1 AZN) və digər bankların bankomatlarında da nağdlaşdırmaq olar, lakin bu halda komissiya tutulur. Kartda orta aylıq qalığa illik 2%-lə hər ay faiz hesablanır. 
 
2012-ci ildən layihəsi hazırlanan və tətbiqi işləri həyata keçirilən LeaderCard ko-brend kartı müştərilərə banka gəlmədən rahat və operativ xidmətin göstərilməsinə xidmət edir. Yeni xidmət və kart məhsulu DəmirBank-ın, “LİDER” pul köçürmə sisteminin və MilliKart prosessinq şirkətinin birgə layihəsidir.
 
“LİDER” sistemi ilə müştərilər 130-dək ölkə üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Bu ölkələr sırasında Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Belarus, Latviya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Polşa, Portuqaliya, Rumıniya, Yunanıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Çin, Vyetnam, Monqolustan və sair ölkələr mövcuddur.
 
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.