Goldenpay şirkəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığı çərçivəsində, hesab.az portalında elektron imzadan istifadə etməklə elektron xidmətlərin istifadəsində yararlanmaq imkanı yaradıb.
Yeniliyin istifadəçilər üçün özəlliyi, e-imzanın portalda olan "şəxsi kabinetinə" inteqrasiyasıdır ki, bu da portalda olan və tezliklə yaradılacaq elektron xidmətlərdən asanlıqla yararlanmağa şərait yaradır.
Yaxın vaxtda Goldenpay şirkəti elektron imza istifadəçilərinə yeni elektron xidmətlər təqdim etməyi planlaşdırır. Bunların arasında kreditlərin banka getmədən sifarişi, bank hesabının online olaraq məsafədən açdırılması, elektron cüzdanın istifadəsi, elektron sığorta xidmətindən yararlanması və s. xidmətlər təşkil etməyi nəzərdə tutulub.
Goldenpay şirkətinin təsisçisi Fərid İsmayılzadənin sözlərinə görə, əhali arasında elektron imza istifadəçilərin sayının artması məqsədi ilə, şirkət tərəfindən yeni üstünlüklər və göstəriləcək elektron xidmətlərin sayının artırılması gözlənilir ki, bu da elektron imzanın istifadə ediləcək sahələrin daha da artmasına təkan verəcək.
“hesab.az portalı vasitəsi ilə göstəriləcək e-xidmətlərin sayı daha da artacaq. Elektron imzanın tətbiqi isə əhaliyə nəzərdə tutulmuş daha yeni və sadələşdirilmiş elektron xidmətlərin meydana gəlməsində müsbət təsir edəcək”, - İsmayılzadə dedi.
Hesab.az portalında tətbiq edilmiş daha bir yenilik, elektron imzanın əldə edilməsi üçün elektron müraciət xidmətidir.
Məlumat hesablama mərkəzinin direktoru Nail Mərdanovun sözlərinə görə, Goldenpay şirkəti ilə əməkdaşlıq olduqca böyük önəm kəsb edir və bu əməkdaşlıq e-imza istifadəçilərin sayının daha da sürətli artmasına təkan verəcək.
“Olduqca vacibdir ki, istifadəçilər təkcə "elektron hökumət" portalı vasitəsi ilə deyil, eləcədə digər Web-saytlar vasitəsi ilə də elektron xidmətlər əldə etsinlər. Sevindirici haldır ki, bu imkan hesab.az kimi birinci sıralarda yer alan elektron xidmət portalında yaradılıb. Elektron imza istifadəçilərin sayının daha da artırılması məqsədi ilə, hesab.az portalı ilə birlikdə müştərək aksiyaların keçirilməsini də nəzərdə tutmuşuq”,- Mərdanov demişdir.
Bu günədək Məlumat hesablama mərkəzi tərəfindən verilmiş elektron imza sertifikatların sayı 15 minə çatır. Onların böyük əksəriyyəti Dövlət qurumlarda çalışanların payına düşür.
Elektron imza əsas sənədin xüsusi proqram təminatı vasitəsilə sabit uzunluğu olan simvolların müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.
Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədlə bərabər tutulur.