“Yahoo!” şirkəti “RockMelt” sosial veb-brauzer şirkətini satın alıb. Sövdələşmənin şərtləri haqqında məlumat verilməsə də, “Reuters” agentliyinin məlumatına görə, alış korporasiyaya 50-80 milyon dollara başa gəlib. 30 gün ərzində “RockMelt”in hazırkı məhsulları bağlanacaq, texnologiyaları isə “Yahoo!”-nun platformasına inteqrasiya ediləcək.

Sazişə əsasən, “RockMelt”in 32 əlavə əməkdaşı internet nəhənginin sərəncamına keçəcək. Sosial brauzerin keçmiş baş icraçı direktoru Erik Vişriya “Yahoo!”-nun media məhsulları üzrə vitse-prezidenti, texniki direktor Tim Hous mobil məhsulların hazırlanması üzrə korporasiyanın vitse-prezidenti vəzifəsinə təyin ediləcək.


“RockMelt” mütəxəssisləri tərəfindən hazırlanaraq 2010-cu ildə işə salınan veb-brauzer bütün mümkün sosial şəbəkələrlə inteqrasiyaya şərait yaradır ki, bu da istifadəçilərə bilavasitə brauzer vasitəsilə “Facebook”-a məlumat göndərməyə və “Twitter”də şərhlərə baxmağa imkan verir. İnvestorların marağının əksinə olaraq, məhsul bazarın liderləri – “Google Inc.” şirkətinin “Chrome” və “Microsoft Corp.” korporasiyasının “Internet Explorer” brauzerləri ilə rəqabət apara bilməyib.