Azercell Telekom 24 avqust tarixində şirkətin baş ofisində keçiriləcək növbəti “Baku TechTalks" layihəsində iştirak üçün qeydiyyat elan edir. Şirkətdin verdiyi məlumata görə, Barama Innovasiya Mərkəzi və "Baku Google Developers Group"un təşkilatçılığı ilə keçiriləcək bu dəfəki tədbirin mövzusu "Mobil Əməliyyat Sistemləri"dir.
Tədbirdə ölkənin aparıcı İKT şirkətlərinin mütəxəssisləri tərəfindən təqdimatlar keçiriləcək. Azercell təmsilçisi Asif İbrahimov Blackberry əməliyyat sistemi, Komtek Ltd.-nin nümayəndəsi Rüfət Babakişiyev iOS sistemi, “Happy Baku” şirkətinin əməkdaşı Vusal İsayev Android və “Simbrella” şirkətinin təmsilçisi Konstantin Adamov Windows Phone əməliyyat sistemləri haqqında məlumatla bölüşəcəklər. Tədbirdə iştirak etmək üçün www.barama.az internet səhifəsində qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat 23 avqust saat 12:00-dək davam edəcək. Tədbirə qeydiyyatdan keçmiş iştirakçılar dəvət olunacaq.
"Baku TechTalks" proqramının əsas məqsədi müzakirələr əsnasında İKT ilə bağlı faydalı məlumatların mübadiləsidir. Layihə çərçivəsində informasiya və kommunikasiya texnologiyalarının müxtəlif sahələrindən olan mütəxəssislər aktual mövzular haqqında təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşürlər.
Bu günə qədər "Baku TechTalks" layihəsi çərçivəsində İKT mütəxəssisləri “Mobile App Talks”,” Web Talks”, “Startup Talks” və başqa texnoloji mövzularda görüşlər keçirərək müzakirələr aparıblar.
Azercell Telekom gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak etmişdir.