"İqtisadi və Sosial İnkişaf Mərkəzi" Rusiya tərəfindən Azərbaycana təklif olunmuş Gömrük İttifaqına qoşulmaq ideyasının iqtisadi və sosial əsaslandırmasını aparmışdır. İqtisadi və Sosial əsaslandırma Azərbaycan üçün ilk dəfə aparılmış və cari mövcud ideyalardan fərqli olaraq ekonometrik modellərlə vasitəsilə Azərbaycanın milli maraqlarını qoruyaraq məsələyə həll yolu təklif edir.
İSİM Gömrük İttifaqına qoşulmaq sualına 3 aspektdən yanaşmışdır. Birinci aspektdə maraqlı tərəf analizi (stakeholder analysis) yerinə yetirilmişdir. Bəlli olmuşdur ki, qısamüddətli dövrdə Gömrük İttifaqının maraqlı tərəflərindən beynəlxalq cəmiyyət böyük ehtimalla ziyan çəkəcək. Bununla yanaşı Azərbaycan biznes mühiti artan rəqabətdən bəhrələnərək inkişaf edə biləcək. Maraqlı tərəflərə ola biləcək xeyir və ziyandan sonra İSİM qoşulmanın sektorial təsirini öyrənib. Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sektorları təhlil olunaraq hər bir sektorada gözlənilən dəyişikliklər barədə informasiya verilib. Qoşulmadan sonra İT, tikinti və bank sektoru inkişaf etmək potensialına malik olsa da, kənd təsərrüfatına olan yüksək təhlükə bu inkişafı heçə endirə bilir. Çünki Azərbaycanda iqtisadi fəal əhalinin 37-38%-i kənd təsərrüfatında işlə təmin olunublar.
Tədqiqatdakı bu uzunmüddətli yanaşma ilə də qısamüddətli analiz aparılıb. Qısamüddətli təsir reqressiya tənliyi və ekonometrik modellər vasitəsilə araşdırılımışdır. Modellərin tətbiqi zamanı bəzi reqressiya tənliklərini çıxmaq şərtilə əksəri yüksək statistik keyfiyyət göstərərək qoşulmanın iqtisadiyyatın ticarət dövriyyəsinə, büdcəsinə, inflyasiyasına və ÜDM-in artım tempinə müsbət təsir edəcəyini ortalığa qoymuşdur. Yekun nəticəyə əsasən 2010-cu ildə Gömrük İttifaqı təsis olunan zaman Azərbaycan qoşulsaydı iqtisadiyyat son 3 il ərzində orta hesabla əlavə 1.6 faiz bəndi (son 3 ildə 4.99% ) artmaq imkanına malik olacaqdı. Lakin eyni dövrün keyfiyyət analizi göstərdi ki Gömrük İttifaqının cari üzvlərinin ticarət dövriyyəsi heç də Gömrük İttifaqının digər üzvləri ilə olan ticarət dövriyyəsinə görə artmamışdır. Avropa İttifaqı, Çinlə və digər qeyri-Gömrük İttifaqı ölkələri ilə ticarət 2010-cu ilin 1 yanvarından sonra Gömrük İttifaqı üzvləri ilə olan ticarətdən daha çox artmışdır.
Bütün bunlar deməyə əsas verir ki, Gömrük İttifaqı özünün məqsədlərinə nail ola bilməmişdir. Layihə iqtisadi yox siyasi olduğu üçün iqtisadi təhlil onun effektsizliyini üzrə çıxarır. İSİM isə öz növbəsində iqtisadi səmərəsiz olan bir layihəyə qoşulmağı məsləhət görə bilmir. Rusiyanın bu inteqrativ layihəsinə qoşulmaq məsələsi siyasi səbəblərdən aktuallaşarsa və geridönməz olarsa, İSİM qoşulmanın Böyük Britaniya modelini təklif edir: Azərbaycan qoşulur, lakin bir çox strateji məsələlərdə özünün qərarvermə gücünü saxlayır. Belə strateji məsələlərə daxili və xarici enerji siyasəti, üçüncü dövlətlərə qarşı iqtisadi və tarif siyasəti, gələcək enerji layihələrində qərarvermə ixtiyarını aid etmək olar.