Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ senatoru Edvard Marki və 6 hüquq müdafiə təşkilatı daxil olmaqla, yeni qaydaları tənqid edənlər hesab edirlər ki, dəyişikliklər “Facebook”a istifadəçinin istənilən məlumatını onların icazəsi olmadan reklam üçün istifadə məqsədilə üçüncü şəxsə ötürməyə imkan verəcək.



Bundan başqa, yeni şərtlər guya istifadəçiləri öz məlumatlarından istifadəni məhdudlaşdırmaq imkanından məhrum edəcək. Lakin “Facebook” qüvvədə olan qaydalara dəyişiklik edilməsi faktını tamamilə inkar edərək bildirir ki, mətnin yenilənməsi istifadəçilərə qüvvədə olan siyasətin mahiyyətini izah etmək məqsədi daşıyır. Sosial şəbəkə və istifadəçilər arasında münasibətləri tənzimləyən əsas sənədlərin yeni redaksiyasını “Facebook” avqustun 29-da açıqlamış və sentyabrın 5-də qüvvəyə minəcəyini bəyan etmişdi. Lakin şəbəkə istifadəçilərin rəylərini öyrənmək üçün yeni qaydaların tətbiqini təxirə salıb. Qüvvədə olan qaydalarda istifadəçilərin reklam məqsədləri üçün öz adlarından və fotoşəkillərindən istifadəni məhdudlaşdırmaq hüququ açıq-aydın göstərilib. Qaydaların yeni versiyasında bu müddəa ləğv edilib, lakin istifadəçi tərəfindən müəyyən edilən və onun kontentinə çıxışı olan auditoriyanı nəzərə alan bənd əlavə olunub. Yeni qaydalara görə, reklam məqsədləri üçün istifadəçinin profil şəkli və adı ilə yanaşı, onun yüklədiyi istənilən informasiya da istifadə edilə bilər.