Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində Mərdəkan çimərliyindən 3,5 tona yaxın məişət tullantısı toplanaraq ərazidən çıxarılıb. Sentyabrın 21-də keçirilən bu təmizlik aksiyası “Coca-Cola” şirkəti tərəfindən artıq 28-ci ildir ki dəstəklənir. Bu il sözügedən aksiya Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, "YARAT!" Müasir İncəsənət Məkanı, “ASAN xidmət”, “Təmiz Şəhər” ASC, “Green Baku” klubu, “Təbiətin Dostları” klubu, “ALLmag” online-jurnalı və BLBS Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
Bu təşəbbüs paytaxt sakinlərinin marağına səbəb olub ki, tədbirə 350-ə yaxın könüllü qatılıb.
«Bu təşəbbüs yalnız sahilyanı ərazinin təmizlənməsinə deyil, həmçinin, insanların təbiət və ətraf mühitə qayğı və məsuliyyətlə yanaşmaq istiqamətinə yönəldilib. Ötən illə müqayisədə aksiyada iştirak edənlərin sayı, eyni zamanda, təmizlənən ərazinin sahəsi də artıb. Bu aksiyanın Azərbaycanda uğurla həyata keçirilməsindən çox məmnunuq və tədbirə dəstəyini göstərən bütün təşkilatlara və aksiya iştirakçılarına öz təşəkkürümüzü bildiririk”, - deyə “Coca-Cola” şirkətinin Azərbaycan üzrə əməliyyat meneceri Qabil Əhmədov bildirib.
“Azərbaycan Diplomatik Akademiyası tərəfindən bü təşəbbüsün dəstəklənməsi Akademiyanın fəaliyyətə başladığı gündən bizim üçün ekologiya qarşısında məsuliyyətimizin göstəricisidir”, - deyə Akademiyanın icraçı prorektoru Fariz İsmayılzadə bildirib.
Mərdəkan çimərliyi plastik və şüşə butulkalardan, konserv bakələrindən və digər zibil və məişət tullantılarından təmizlənib ki, nəticədə toplanılan zibil Balaxanı poliqonuna göndərilib.Tədbir çərçivəsində “YARAT” Müasir İncəsənət Məkanının təşkil etdiyi “ParticipatePublic Art Festival 2013”də iştirak edən gənc rəssamların işləri bu aksiyaya xüsusi abu-hava qatıb.
Aksiya “Yığ, Təmizlə, Fərqi Hiss Et!” şüarı altında keçirilib və bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin, təmizlik üçün lazımi avadanlıqla təmin olunub.
Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü “Coca-Cola” şirkəti tərəfindən dəstəklənir və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiya hesab olunur.
Qeyd edək ki, ötən il analoji aksiya Şüvəlan çimərliyində təşkil olunub. Ümumiyyətlə, dünya üzrə bu aksiyaya ötən il “Coca-Cola”nın 27 ölkədən 24 mindən artıq tərəfdaşı qoşulub ki, nəticədə ümumi uzunluğu 2,1 min km olan sahilyanı ərazilər tullantıdan təmizlənib və hər il bu rəqəm artmaqda davam edir.