Bakıda “Microsoft Azərbaycan” şirkətinin təşkilatçılığı ilə “Bulud üzərində Təhsil” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycanın ali və orta təhsil müəssisələrinin nümayəndələri, şagird və tələbələr, həmçinin, “Microsoft Azərbaycan” şirkətinin yerli tərəfdaşları iştirak edib.


 


Seminarda çıxış edən “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Emin Axundov tədbir iştirakçılarına Bulud texnoligiyalarının İT sahəsinin inkişafında əsas alətlərindən biri olduğunu diqqətə çatdırıb və bildirib ki, hazırda bu texnologiyalar təhsil sisteminə öz müsbət təsirini göstərir: “Biz “Microsoft Azərbaycan” şirkəti olaraq ölkənin müasir təhsil sisteminə böyük önəm veririk və keçirdiyimiz seminarın əsas məqsədi gələcəyin təhsili haqqında baxışlarımızı tədbir iştirakçılarına çatdırmaq və “Microsoft”un təhsilə uyğunlaşdırmış ən yaxşı praktiki həllərini nümayiş etdirməkdir”.


 



E.Axundov əlavə edib ki, artıq Azərbaycanda bir çox sahələrdə Bulud texnologiyaları tətbiq olunur və “Microsoft Azərbaycan” şirkəti sözügüdən texnologiyaları təhsil sisteminə yönəltmək niyyətindədir. Belə ki, bu texnologiyalar ölkədə fərdiləşmiş tədrisin yardımına gələ bilər: “Zaman keçdikcə, insanların iş, tədris və yaşam tərzi dəyişir. Müasir iqtisadi və sosial şəraiti nəzərə alaraq, bir çox ölkələr gələcəkdə keyfiyyətli təhsil sisteminə ümid bəsləyir. Biz gələcəyin təhsil sistemini fərdiləşdirmiş tədrisin hər zaman və hər yerdə olmasında görürük”.


 



Tədbir zamanı Bulud həlləri ilə yanaşı “Microsoft Virtual Academy” və “Microsoft IT Academy” proqramları haqqında da məlumat verilib və qeyd olunub ki, Bulud texnologiyaları əsasında yaradılan bu proqramlar hər bir tələbəyə online rejimdə, internet vasitəsilə əlavə təlimlər keçməyə və imtahan verərək sənayə sertifikatlarını almağa imkan yaradır. Bundan başqa, seminarda “Microsoft”un yeni “Office” proqramlar dəsti və bu dəstin təhsildə geniş istifadə etmək imkanlarına toxunulub və bildirilib ki, yeni “Office” vasitəsilə “müəllim-tələbə” qarşılıqlı əlaqəni daha da yaxşılaşdırır.