“Microsoft Azerbaijan” şirkəti ilə “AFB Bank” arasında “Microsoft Open Value” proqramı çərçivəsində əməkdaşlığa dair saziş imzalanıb.
Bundan sonra bank kompüterlərinə sazişə daxil edilmiş proqram məhsullarını quraşdıra biləcək. Seçilən lisenziyalaşdırma variantının üstünlüyündən biri, bank tərəfindən yeni və yenilənmiş məhsullardan istifadəsidir ki, bu da “AFB Bank”ın informasiya sisteminin təhlükəsizliyini və onun dünya tendensiyalarına uyğun inkişafını təmin edir. Bank məhsullar dəstinin və ya baza məhsullarının ayrı-ayrı lisenziyalaşdırmasını əldə edib və sazişin qüvvədə olması müddəti ərzində seçdiyi məhsulların ən yeni variantını istifadə edəcək.
“Get Genuine Windows Agreement” (GGWA) proqramı çərçivəsində bank tərəfindən əldə edilmiş baza əməliyyat sistemi (ƏS) bu sazişin imzalanması yolunda vacib addımlardan hesab olunur. “GGWA” – “Microsoft” tərəfindən tövsiyə olunan lisenziyalaşdırılmamış ƏS üçün həldir və bu həlli əldə etdikdən sonra müştərinin infrastrukturu “OpenValue” korporativ lisenziyalaşdırılmaya keçmək üçün hazır hesab olunur.
“Azərbaycanda lisenziyalı ƏS-in tətbiqi üzrə aparılan aktiv tədbirlər iri şirkətlər tərəfindən leqal məhsulun istifadəsinin üstünlüklərinin dərk edilməsinin göstəricisidir. Bu cür yanaşma inkişafın geniş perspektivlərini açacaq”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.