“Nar Mobile” mobil operatoru Azərbaycanda ilk dəfə keçirilən “Baku HR Experience” beynəlxalq konfransının baş sponsoru oldu. İnsan resursları sahəsindəki beynəlxalq tendensiyaların müzakirə olunduğu və ən iri xarici şirkətlərin (“The Coca-Cola Company”, “Statoil”, “Gazprom” və s.) HR-direktorlarının qatıldıqları bu tədbirdə aktiv iştirak edən “Nar Mobile” mobil operatorunun əsas məqsədi “Azerfon” şirkətinin bu sahədə əldə etdiyi nailiyyətləri dünyanın aparıcı şirkətləri ilə bölüşmək və eyni zamanda, beynəlxalq təcrübədən maksimum yararlanmaq olmuşdur.
“Four Seasons” otelində keçirilən “Baku HR Experience” beynəlxalq konfransında iştirak edən “Azerfon” şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva geniş təcrübə mübadiləsinin aparıldığı bu forumda çıxış edərək “Azerfon” şirkətinin insan resursları strategiyası və bu sahədəki prioritetlərindən bəhs etmiş, şirkətin əla iş yeri kimi tanınması özəlliyinin mahiyyətindən danışmışdır.
Konfransda həmçinin Azərbaycanda ilk dəfə "Excellence in HR" mükafatlandırma mərasimi keçirilmişdir. Mükafatlar Azərbaycan bazarında HR sahəsinin ən yaxşı mütəxəssislərinə, komandalara və strategiyalara görə təqdim olunmuşdur. Belə ki, “BP-Azerbaijan” iri şirkətlər arasında, “Əmrahbank” ASC isə ortamiqyaslı şirkətlər arasında “İlin HR komandası” nominasiyası üzrə qalib olmuşlar. “Ata Holding” Şirkətlər Qrupunun insan resursları üzrə direktoru Könül Əkbərova isə “İlin HR siması” seçilmişdir. Qeyd edək ki, mükafatçılar konfransda çıxış etmiş xarici mütəxəssislərdən təşkil olunmuş Münsiflər heyəti tərəfindən müəyyən edilmişlər.
Xatırladaq ki, P World tərəfindən təşkil edilmiş “Baku HR Experience” beynəlxalq konfransının platin sponsoru qismində “The HR Company (HRC)” çıxış etmiş, tədbirin qızıl sponsoru isə “Nar Mobile” mobil operatoru olmuşdur. Tədbirin"Ən Yaxşı İşəgötürən" şirkəti kimi isə - PAŞA Bank - çıxış etmişdir.