“Havas Worldwide Baku” özünün yeni rəqəmsal layihəsini həyata keçirib. “Faydalı istedadlar” adlanan və “Atena” brendinin Facebook səhifəsində səsvermə üçün nəzərdə tutulan layihə Azərbaycanda ilk multiplikasiyalı tətbiqetmədir.Yaradıcı konsepti “Havas Worldwide Baku”ya məxsus olan layihənin animasiya çarxları "Prosper Cartoon Studio" tərəfindən hazırlanıb.
Qarşıya qoyduğu əsas məqsəd brend haqda yaranmış müsbət imicin möhkəmləndirilməsi və ferma südündən hazırlanan məhsulların təbliğ edilməsi olan layihənin ssenarisinə əsasən hər biri müxtəlif bacarığa malik üç inək - Meri, Françesko və Maqdalena təşkil olunan müsabiqədə iştirak etmək üçün Avropadan “Atena” fermasına təşrif buyurublar.
Onlardan Meri yemək bişirməyi, Françesko musiqini, Maqdalena isə idmanla məşğul olmağı çox sevir. Facebook sosial şəbəkəsi vasitəsilə öz istedad və bacarıqlarını nümayiş etdirən inəklər topladıqları səslərlə müsabiqənin qalibi olmaq üçün mübarizə aparırlar. İstifadəçilər bu istedadlılara dostluq göndərməklə onlar haqda daha ətraflı məlumat əldə edə bilərlər. Layihənin sonunda səsvermə nəticəsində qalib olacaq inəyin şəkli “Atena” məhsullarının qablaşdırmalarının üzərinə vurulacaq.
Qeyd edək ki, “Havas Worldwide”ın Bakı nümayəndəliyi 2012-cü ilin dekabr ayında fəaliyyətə başlayıb və Kreativ Biznes İdeyalar hesabına brendin istehlakçılarla üzünmüddətli, həqiqi bağlılıq və münasibətlər yaratması, biznesin böyük fayda gətirə bilməsi üçün fədakarlıq göstərən ixtisaslaşmış peşəkar heyətə malik kreativ agentlikdir.