“eBay” və “Skype” kimi nəhənglərin HR-direktoru olmuş qonaq “Nar Mobile”-ın ofisindəki seminara qatıldı. 4-5 noyabrda “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə ölkəmizdə ilk dəfə keçirilmiş “Baku HR Experience” beynəlxalq konfransından sonra Azərbaycanda insan resurslarına həsr olunmuş daha bir beynəlxalq səviyyəli görüş keçirildi.
Bu görüşdə iştirak etmək üçün Bakıya gəlmiş insan resursları sahəsi üzrə dünyanın ən tanınmış mütəxəssislərindən sayılan Annemi Ress azərbaycanlı həmkarları ilə geniş təcrübə mübadiləsi apardı.
“eBay”, “PayPal”, “Skype”, “İnternational Petroleum Exchange” və “PepsiCo” kimi dünyanın ən nəhəng şirkətlərinin HR-direktoru vəzifəsində çalışmış və böyük təcrübə toplamış xanım Ress “Azerfon” MMC-nin dəvəti ilə şirkətin baş ofisinə gəlmiş, “Nar Mobile” tərəfindən təşkil olunmuş ikigünlük seminarın qonağı olmuşdur.
“Azerfon” şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva və digər HR-mütəxəssislərlə keçirilmiş bu görüş son dərəcə səmərəli olmuş, insan resursları sahəsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi baxımından böyük əhəmiyyət daşımışdır.
Noyabr ayının 18-də Annemi Ress və kadr resursları üzrə digər mütəxəssislər “Fairmont Baku” otelində keçirilmiş HR forumunun da iştirakçısı olmuşlar.