Rusiyalı məşhur şirniyyat və qənnadı məhsulları ustası Yelena Suçkova Bakıdadır. Beynəlxalq Kulinarlar Assosasiyasının idarə heyətinin üzvü Bakıda tort və digər şirniyyat məhsullarının bişirilməsi ilə bağlı yerli qənnadıçılara master-klass keçir.

Yelena Suçkovanı Azərbaycan Milli Kulinariya Assosasiyasının dəstəyi ilə “Çudo Peçka” şirkəti özünün “Yeni dad” layihəsi üçün dəvət edib. Layihənin məqsədi şirkətin qənnadıçılarının ustalıq qabiliyyətlərini daha da artırmaq, mart ayında Azərbaycanda qeyd olunacaq beynəlxalq və milli bayramlarda alıcılara fərqli və yeni dadda tortlar təqdim etməkdir. 

Onun tort və pirojna bişirmək üsulları Azərbaycanda adət olunmuş formalardan bir qədər fərqlənir. Avropanın şirniyyat ənənələrini çox gözəl bilən Yelena Suçkovanın hazırladığı məhsullar dünyanın bir çox ölkələrində keçirilən müxtəlif kulinariya müsabiqələrinin qalibi olub. 

“Çudo Peçka”nın qonağı Rusiyada kulinariya sahəsində ən böyük mükafat olan şərəf ordeni ilə təltif olunub. Yelena Suçkova kulinariya sahəsində çoxsaylı kitabların müəllifidir. Beynəlxalq yarışların, sərgilərin diplomatçısı və laureatıdır. 
Yelena Suçkovanın seçilən əsərlərindən biri şokoladdan hazırladığı dondur. Üzəri sarı rənglə örtülmüş şokolad-paltar Fransada, Almaniyada, Rusiyada sərgilənib və böyük uğurlar qazanıb.