Bu gün Bakı Biznes Mərkəzində keçirilən Gənclərin Sahibkarlıq Proqramının (“Youth Inc”) 2-ci mərhələsinin təqdimat mərasiminə həsr olunmuş tədbir çərçivəsində “Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC), “Coca-Cola” şirkəti və Azərbaycan Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.


 


Memoranduma əsasən, “Youth Inc” proqramının birgə inkişaf etdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması nəzərdə tutulur.


 


Proqramının 2-ci mərhələsinin təqdimatına həsr olunmuş tədbirdə Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletski, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Seymur Hüseynov, gənclər təşkilatlarının, biznes şəbəkələrin, müxtəlif şirkətlərin nümayəndələri, sahibkarlar və gənclər iştirak edib. Tədbirdə gənc sahibkarlıq sahəsində yeni alətlərində təqdimatı keçirilib. Belə ki, gənc sahibkarlar üçün www.youthinc.az internet portalı təqdim olunub.


 


Portal vasitəsi ilə gənc sahibkarlar sosial şəbəkə formatında ünsiyyət qurub, öz məhsul və xidmətlərini təqdim edib, eləcə də digər sahibkarlarla forum vasitəsi ilə məsləhət ala bilərlər. Yaxın zamanlarda portalda gənc sahibkarlara lazımlı məlumatları təqdim etmək məqsədi ilə bloq fəaliyyət göstərəcək. “İstənilən cəmiyyətin gələcəyi bugünkü gənclikdən asılıdır, məhz bu səbəbdən “Coca-Cola” şirkətinin əsas strateji vəzifələrindən biri Azərbaycanda gənc sahibkarlığın potensialının tam realizəsini təmin etməkdir.


 


“Coca-Cola” şirkəti dayanıqlı yerli cəmiyyətin inkişafına və dəstəklənməsinə vaxt, təcrübə və resurs ayıracaq”, - deyə O.Piletskiy bildirib. Tədbirdə təqdimatı keçirilmiş digər alət – biznes inkubasiya sahəsində azərbaycan dilində ilk olan “Youth Inc. Biznes İnkubassiya Proqramının Yaradılması və İnkişafı” kitabıdır. Kitab “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.1.6 “ali təhsil müəssisələrində gənclər üçün biznes, informasiya texnologiyaları inkubatorlarının yaradılması” yarımbəndinin icrasına dəstək olmaq məqsədi ilə çap olunur.


 


Sözügedən kitab biznes inkubasiya proqramının yaradılması üçün lazım olan nəzəri bilikləri özündə cəmləşdirir. Belə ki, kitabda həm biznes inkubatorun texniki-iqtisadi əsaslandırılması, həm də inkubatorun işə salınması və idarə olunması izah olunur. Bundan başqa, tədbirdə “Youth Inc” proqramının 1-ci mərhələsi çərçivəsində görülmüş işlərlə bağlı hesabat verilib, fəal iştirakçılar sertifikatlarla təltif edilib. Qeyd olunub ki, bu günədək “Youth Inc” proqramı çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində 4 biznes-klub yaradılıb, 2 minə yaxın gənc proqramdan yararlanıb, 7 gənc sahibkar öz biznesinə başlayıb, 3-ü isə yeni investisiyalar əldə edib.


 


Qeyd edək ki, “Youth Inc” bir neçə mərhələdən ibarət olmaqla, uzunmüddətli gənclər proqramdır. Proqramın birinci mərhələsinə 2013-cü ilin yanvar ayında start verilib.Proqram paytaxtda və digər böyük şəhərlərdə yaşayan gənclərə biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqların verilməsinə yönəlib. Sözügedən proqram gənclərin biznes yaratması üçün real imkanlar yaradır. “Youth Inc” proqramı bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstəyin yeni formatıdır.



 


“Coca-Cola” şirkəti haqqında:



 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. dollar olan brendlər daxildir: “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “Powerade”, “Minute Maid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.


 


“Coca-Cola” şirkəti hər gün 1,8 mlrd. içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz www.thecoca-colacompany.com.


 


"Vətəndaş Cəmiyyətində Debat" İB haqqında:


 


DVC (“Vətəndaş Cəmiyyətində Debat"  İctimai Birliyi) hal-hazırda 33000 üzv, 45 region, 8 nümayəndəlik, 90-dan artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurmuşdur və bu gün bu lahiyənin icrasında da öz profesionallığını göstərir. DVC-nin də iştirak etdiyi, 21 aprel 2011-ci il tarixində Cənab Prezident İlham Əliyevin fəal gənclərlə görüşündə tərəfimizdən irəli sürülən Azərbaycanda gənclər üçün Biznes İnkubatorların yaradılması fikri Cənab Prezident tərəfindən dəstəklənmişdir. Beləliklə, “Gənc Sahibkarlıq” haqqında fikirlər “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramında öz əksini tapır. Həmçinin DVC adı çəkilmiş proqramının inkişafında AmCham  (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Asosiasiyası) və NBİA  (Milli Biznes-İnkubatorlar Asosiyasiyası) tam hüquqlu üzvü olmuşdur.