“Coca-Cola” şirkəti ADA Universiteti ilə birgə tərəfdaşlıq çərçivəsində Azərbaycanda 2020-ci ilədək 100 min ağacın əkilməsini nəzərdə tutan “Ağac Əkək. Təbiətə Pay Verək” adlı layihə həyata keçirməyi başlayır.


 


Layihənin əsas məqsədi eko-sistemdən faydalanaraq ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır.


 


Sözügedən təşəbbüs Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda meşələr ölkə ərazisinin cəmi 11,4%-ni əhatə edir ki, bu da qəbul olunmuş qlobal standartlardan iki dəfə azdır. Meşələrin bərpa olunması nazirliyin gündəliyində duran prioritet sahələrdən biridir. Hazırda su ehtiyatlarının ağac əkərək qorunması və artırılması dünyada bu məqsədlə həyata keçirilən ən səmərəli və populyar mexanizmlərdəndir və böyük şəhərlərin 1/3 hissəsində (Nyu-York, Sinqapur, Madrid, Rio de Janeyro, Keyptaun və s.) geniş tətbiq olunur.


 


Meşələr suyun düzgün istismar edilməsində mühüm rol oynayır. Belə ki, ağaclar planetdə yağıntının miqdarını və yağış sularının çay, dəniz və okeana axınını   artırır, su axınlarını tənzimləyir, eroziya və daşqınları azaldır, su təchizatını sterilləşdirir və ümumilikdə suyun keyfiyyətini artırır. Həmçinin, ağaclar öz kölgələrini daha qısa kol və çəmənliklərin üzərinə salmaqla bu bitkilərin suya olan tələbatını azaldır. Su ehtiyatlarını qorumaq və bərpa etməklə yanaşı, ağaclar havanın çirklənməsinin qarşısını alır, kimyəvi dövriyyəyə, eləcə də, planetdə suyun uzun müddət saxlanılmasına yardımçı olur və eko-sistem daxilində enerji axınını təmin edir.


 


Təklif olunan layihə ölkədə minlərlə ağacın əkilməsini nəzərdə tutur ki, bu da kifayət qədər böyük arealda meşə salınması deməkdir. İlkin olaraq paytaxt Bakıda başlanacaq layihə “Coca-Cola” şirkəti tərəfindən maliyyələşdiriləcək və ADA Universitetinin Enerji və Ətraf-Mühit üzrə Xəzər Mərkəzi tərəfindən həyata keçiriləcək. “Su - bizim dəvamlılığımızın açarıdır və yerli icmaların sağlamlığı və iqtisadi inkişafı üçün vacib amildir. Biz Coca-Cola şirkəti olaraq, bunu qəbul eləyirik və "Ağac ək, həyata pay ver" layihə vasitəsi ilə havanın çirklənməsi, su təchizatı və torpaq eroziyası kimi, bir neçə ekoloji problemləri həll etməyə çalışırıq.


 


Novruz bayramına bir az qalmış ağac əkmək bir ənənədir, və biz bütün azərbaycanlılar tərəfindən sevilən bayramın ərəfəsində bu layihəni başlamağa çox şadıq”, - deyib Coca-Cola Türkiyə, Qafqaz və Mərkəzi Asiya Biznes bölmənin prezidenti Galya Molinas. Əsas məqsədin əldə olunmasına çalışmaqla yanaşı, layihə ekoloji məsələlərə ictimaiyyətin diqqətinin çəkilməsi və ölkədə bu sahədə məlumatlılığın artırılması üçün müxtəlif ictimai fəaliyyətlər, eləcə də, tədqiqat işləri və elmi nəşrlərin həyata keçirilməsini nəzərdə tutur.


 


Layihənin davamlılığının təmin edilməsinin ən vacib üsullarından biri kimi ağacların əkilməsi prosesinə könüllü gənclərin cəlb olunması və prosesin məhz gənclərə etibar olunması planlaşdırılır. Bu isə adıçəkilən layihənin əsas fəlsəfəsi olan “qızıl üçlük (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə inam prinsipi” ilə üst-üstə düşür. Doktor Elnur Soltanov, Xəzər enerji və ətraf mühit mərkəzinin sədri öz çıxışında deyib ki, "Ağacların əkilməsi və onlara edilən qulluq ilə universitetə yeni tələbə qəbul edib və onu dəstəkləməyin arasında bir çox oxşar cəhəd görürəm.


 


Hər iki halda biz təcrübəsiz potensialı dəstəkləmək və onu həyata keçirib bəhrəsini görmək üçün əlimizdən gələni edirik. Hər iki hal bizi ən yüksək mənəvi dəyərlərlə təmin edir". Layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan (“drip irrigation”) istifadə olunacaq ki, bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcək.  Qeyd edək ki, 2007-ci ildə “Coca-Cola” şirkəti öz qarşısına “hazır içkilərdə istifadə olunmuş miqdarda suyun 2020-ci ilədək bərpa edilməsi” naminə davamlı məqsəd qoyub. Digər tərəfdən, ADA Universiteti də öz növbəsində Azərbaycanda ətraf mühitlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır və təsadüfi deyildir ki, ekoloji tələblərə cavab verən yaşıl kampusda fəaliyyət göstərir.



 


“Coca Cola” şirkəti haqqında:



 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.


 


“Coca-Cola” şirkəti hər gün 1,8 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com


 


ADA Universiteti haqqında:



 


Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış ADA Universitetinin əsas məqsədi yenilikçi qlobal liderlərin hazırlanması və diplomatiya, ictimai və beynəlxalq məsələlər, biznes, humanitar sahə və elmlər, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə səmərəli əməkdaşlığa əsaslanan tədqiqatın təbliğ edilməsinə yönəlib. ADA öz qapılarını tələbələrə ilk dəfə 2007-ci ildə açmış, 2012-ci ilin sentyabr ayında isə özünün şəhərin mərkəzində yerləşən daimi “yaşıl” və “smart” kampusuna köçmüşdür.


 


Hazırda ADA Universitetində İctimai və Beynəlxalq Məsələlər, Biznes, Humanitar və digər Elmlər, eləcə də Mühəndislik və İnformasiya Texnologiyaları üzrə dörd müxtəlif məktəb fəaliyyət göstərir. ADA Universitetinin gələcəyə istiqamətlənmiş fəaliyyət və strategiyasının əsasında dörd əsas prinsip dayanır: qlobal liderlik, innovativ təhsil, sosial məsuliyyət və daim inkişaf edən məkan. ADA Universiteti haqqında daha geniş məlumat əldə etmək üçün universitetin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.ada.edu.az.