2012-ci il martın 6-dan etibarən “Nar Mobile” şirkəti Azərbaycanın metro stansiyalarında ilk dəfə olaraq 3G xidmətlərinin göstərilməsinə başlayır. Hazırda, 2G xidmətlərinə əlavə olaraq, “Nar Mobile”-ın abunəçiləri aşağıda göstərilən metro stansiyalarında yüksək sürətli mobil rabitədən istifadə edirlər: “Sahil”, “Nizami” və “28 May” metro stansiyaları.


“Nar Mobile” şirkətinin baş icraçı direktoru cənab Yurqen Pits bildirmişdir: “Şəbəkənin əsaslı şəkildə genişləndirilməsi nəticəsində biz məmnuniyyətlə bəyan edirik ki, Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq, “Nar Mobile” abunəçiləri metro stansiyalarında olarkən, nəinki 2G, eləcə də 3G xidmətlərindən yararlana biləcəklər. “Nar Mobile” Azərbaycanda ən şəffaf və innovativ mobil operator kimi tanınır. Biz ilk olaraq manat əsasında ödəməni və 3G xidmətlərini tətbiq etməyə başladıq. Bu gün isə, metro stansiyalarında ilk dəfə olaraq 3G xidmətlərini başlamaqla, ölkənin mobil rabitə bazarında texnoloji liderliyimizi daha da gücləndiririk”.


O, həmçinin qeyd etmişdir ki, bu, “Nar Mobile” şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsinə yatırılmış 85 milyon ABŞ dolları həcmində sərmayənin sayəsində mümkün olmuşdur. Öz şəbəkəsinin genişləndirilməsi ilə bağlı işi başa çatdırdıqdan sonra, “Nar Mobile” Azərbaycanda bütün şəhərləri əhatə edən ən iri 3G şəbəkəsinə malik olacaq və beləliklə, geniş zolaqlı mobil rabitəni ölkənin hər bir vətəndaşı üçün mümkün edəcəkdir. 2012-ci ilin may ayına şəbəkənin müasirləşdirilməsinin başa çatmasını nəzərdə tutaraq, “Nar Mobile” Azərbaycanda 4G şəbəkəsini də quracaq.


Cənab Pits bildirmişdir: “Bu gün 3G xidmətlərindən istifadə edən və öz mobil telefonlarında yüksək sürətli internetdən yararlanan insanların sayı durmadan artır. “Nar Mobile”-ın 400000-dən artıq abunəçisi dövri olaraq 3G xidmətlərindən istifadə edirlər. Bildiyiniz kimi, metro ən çox istifadə edilən ictimai nəqliyyat vasitələrindən biridir və bu gündən etibarən, müştərilərimiz ilk dəfə olaraq, metroda olarkən 3G xidmətləri əsasında internetə daxil olacaq, elektron poçtdan və sosial şəbəkələrindən istifadə edəcəklər və böyük kontentləri yükləyəcəklər. Metro şəbəkənin genişləndirilməsi 2012-ci il Avroviziya müsabiqəsinə hazırlığın bir hissəsidir. 2012-ci ilin mayına qədər, Avroviziya-2012 münasibətilə gələn və şəbəkəmizi seçən bütün müsafirlər Azərbaycana səfərlərini daha rahat edəcək yüksək keyfiyyətli mobil rabitəyə malik olacaqlar”.


Həmçinin qeyd edilmişdir ki, 2012-ci ilin mayında 3G xidmətləri bütün metro stansiyalarında istismara veriləcəkdir. Hazırda, “Nar Mobile” 3G xidmətlərini saniyədə 14.4 mb sürəti ilə göstərir.