“Capture The Flag” müsabiqəsinin final mərasimi keçirildi.
RYTN nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, R.I.S.K və “Delta Telecom” şirkətlərinin də dəstək olduğu bu dəfəki müsabiqə informasiya təhlükəsizliyi mövzusunda olub.
Tədbiri giriş sözü ilə açan “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev bu dəfəki yarışma ilə bağlı ətraflı məlumatın əks olunduğu xüsusi təqdimatla çıxış edib. O bildirib ki, müsabiqə iştirakçıları qeyd olunan mövzularda təcrübələrini sınaqdan keçiriblər. Həmin mövzular aşağıdakılardır:
01 - Əyləncəli bir mövzuda tapşırıq (Joy)
02 - Crack the box (CTB)
03 - Tərsinə mühəndislik
04 - Steqanoqrafiya
05 - Proqramlaşdırma tapşırığı
06 - Kriptoqrafiya
07 - WEB
08 - Şəbəkə infrastrukturu və protokolları ilə əlaqədar tapşırıq
5 komanda rəqiblərindən fərqlənərək qaliblər siyahısına düşməyə haqq qazanıb. R. Əliyev həmçinin, bu müsabiqənin “Hackathon Azerbaijan” çərçivəsində keçirilən sayca 7-ci müsabiqə olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılmasıdır: "Cəmiyyətdə İKT o dərəcə geniş yayılıb ki, hər bir şəxs bu texnologiyalardan istifadə etməyi bacarmalıdır. Bu müsabiqələrin də keçirilməsi gənclərin İKT-yə marağının artırılmasına, malik olduqları biliklərin bir qədər də yüksəldilməsinə, onların İKT sahəsində əldə etdikləri bilikləri komanda şəklində tətbiq etməyi öyrənməsinə xidmət edir”- deyə E.Vəlizadə qeyd edib.
Müsabiqəyə dəstək verən əsas qurumlardan biri olan RYTN nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov bu sahənin aktuallığından və kadr potensialının artırılmasında bu kimi tədbirlərin böyük əhəmiyyət kəsb etməsindən söhbət açıb. F.Fərmanov bildirib ki, təmsil etdiyi qurum bu sahədə yüksək potensiala malik gənclərin üzə çıxarılmasında hər zaman maraqlıdır.
Müsabiqənin sponsoru olan "R.İ.S.K" şirkətinin nümayəndəsi Rövşən Əkbərov bu layihənin həm də gənc istedadların tanınmasında böyük rol oynadığını qeyd edib.
Daha sonra müsabiqə qaliblərinin adı açıqlanıb:
Qalib komanda - Arif Şəmistanlı, Ramal Həcətalıyev, Emin Quliyev
II yer, Elxan Sadıqlı, Ozan Uçar, Üzeyir Hüseynov
III yer, Etibar Quluzadə, Ceyhun İsmayılzadə, Mehman Cahangirov
IV yer, Fərid Əhmədov, Kənan Əliyev
V yer, Tağı Əliyev, Elbəy Əliyev
Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.